
Xəbər verdiyimiz kimi bu gün Vəkil Ramil Rüstəmov Şirvan Polis Şöbəsində saxlanılan müvəkkili Elgün Quliyevlə görüşə buraxılmaması barədə açıqlama yayıb.
Belə ki, müdafiə etdiyi şəxslə görüşünün qarşısının alındığını deyən vəkil sosial şəbəkə vasitəsilə ölkə başçısına müraciət edərək, müvəkkilinin işgəncəyə məruz qalma ehtimalı olduğunu iddia edib.
Vəkil Ramil Rüstəmov Gununsesi.info-ya açıqlamasında bildirib ki, artıq barəsində həbs-qətimkan tədbiri seçilən
Elgün Quliyevlə bu gün axşam saatlarında ona bir neçə dəqiqəlik görüş verildiyini deyib: “Nəhayət Vəkillər Kollegiyasının rəhbərliyi işə qoşulub, mənə dəstək verdikdən sonra formal da olsa 3 dəqiqəlik görüş baş tutdu.
Amma müvəkillimlə görüşdə müstəntiq və Müvəqqəti saxlanma yerinin əməkdaşı yanımızda durub bizi dinlədi.
Onlara etiraz etsəm də buna əhəmiyyət vermədilər. Ancaq müvəkkilimə işgəncə verilməsini təsdiq edən zahirən görünən işgəncə izləri var idi. Belə ki, sifətində sağ çənə hissə zərbələrdən şişmişdir, ağzının içində ağız içi ətlər zərbədən bir neçə yerdən partlamışdır, sol ayağı pəncə və topuq hissədən vurulan zərbədən şişmişdir, nəfəs ala bilmirdi. Çünki, qabırğalarına zərbələr edilmişdir, alın və boğaz hissəsində qızarmış qançırlar var idi”.
Vəkil deyib ki, Baş prokurora şikayət verib: “Məhkəmə Tibbi ekspertizası keçirilməsi üçün səhər tezdən vəsatət verəcəm”.