Utanmaq hissi - Pərviz Yəhyalı yazır...

  • By Admin2
  • 20 Aprel 2026 14:03

Utanmaq – insanın daxilində qalan son sərhəddir. O sərhəd keçiləndə artıq nə qanun qalır, nə vicdan.

Bir neçə gün əvvəl ömrünün 42 ilini məktəbə həsr etmiş bir müəllimin yubileyində, əslində isə sadə ad günü tədbirində idim. 65 yaşında, illərlə çalışdığı kollektivin qarşısında danışırdı. Sadə bir təşəkkür nitqi idi. Amma simasındakı qızartı, alnındakı tər, səsindəki titrəyiş – bunlar adi deyildi. Bu, həyanın canlı təzahürü idi. İnsan öz əməyinin qarşısında belə utanırdısa, deməli, ləyaqət hələ ölməyib.

Amma bu mənzərə artıq nadir hala çevrilir.

Payızda gördüyüm başqa bir hadisə bu düşüncəni daha da sərtləşdirdi. Altı yaşlı uşaq “imtahan”a salınmışdı. Qarşısında beş nəfər kostyumlu, qalstuklu məmur oturmuşdu. Uşaq qorxudan ağlayırdı. Onlar isə “qiymətləndirirdilər”.

Buna sadəcə absurddur demək azdır. Bu, utanmazlığın institusionallaşmasıdır.

Etiraz etməyə çalışdım. Qapını üzümə bağladılar. O an anladım ki, problem o otaqdakı beş nəfər deyil. Problem onları ora gətirən, onlara bu səlahiyyəti verən düşüncədir.

Konstitusiyanın 42-ci maddəsi hər kəsin təhsil hüququnu tanıyır. Amma bu hüquq kağız üzərində qaldıqda, real həyatda altı yaşlı uşaq “saf-çürük” ediləndə, artıq məsələ qanun pozuntusundan çıxır – bu, mənəvi iflasdır.

Bu məntiqə görə, uşaq imtahandan “kəsilərsə”, oxumamalıdır. Yəni təhsil hüququ yox, imtahan bacarığı əsasdır. Bu isə hüquq deyil, seleksiyadır.

Ən təhlükəlisi isə odur ki, bunu edənlər utanmır.

Çünki utanmaq hissi yoxa çıxanda insan öz hərəkətini sorğulamır. Sorğulama olmayanda isə hər şey “normal” görünür – hətta ağlayan uşaq belə.

Biz yavaş-yavaş elə bir nöqtəyə gəlirik ki, həya artıq dəyər yox, istisna sayılır. Nadir hallarda rast gəldiyimiz o köhnə, saf utanma anları isə bizdə qəribə bir hiss oyadır – sanki itirdiyimiz bir şeyi xatırlayırıq.

Bəlkə də problem budur: biz artıq utanmamağa öyrəşirik.

Pərviz Yəhyalı

Gununsesi.info