
Ukraynanın Prezident Aparatı Vladimir Zelenskinin Türkiyəyə martın 8-də baş tutacaq səfərinin təfərrüatını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, Prezident Aparatının məlumatına görə, səfər zamanı Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Liderlər Sülh Formulasını, Sülh Sammitinin təşkilini, Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini, qlobal ərzaq sabitliyini, həmçinin Rusiya Federasiyasında saxlanılan ukraynalı məhbusların və siyasi məhbusların azad edilməsini müzakirə edəcəklər.
“Səfər zamanı müdafiə-sənaye sektorunda birgə layihələrə xüsusi diqqət yetiriləcək”, – məlumatda deyilir.
Zelenski həmçinin Ukrayna Hərbi Dəniz Qüvvələri üçün korvetlərin tikildiyi gəmiqayırma zavodlarına baş çəkəcək və Türkiyənin müdafiə şirkətlərinin nümayəndələri ilə görüşəcək.
Qeyd edək ki, Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsi Zelenskinin səfəri ilə bağlı məlumat yayıb. Məlumata görə, Zelenski və Ərdoğan Ukrayna-Rusiya müharibəsinin gedişatı, Qara dəniz taxıl sazişi və ikitərəfli münasibətləri müzakirə edəcəklər.
Zelenski ilə Ərdoğan arasında görüş Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ukraynada atəşkəslə bağlı tezliklə danışıqlara ehtiyac olduğunu israr etməsindən sonra baş tutacaq.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, Ankara Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin sülh yolu ilə həllini dəstəkləməyə davam edir və müvafiq “danışıqlar” üçün platforma təklif etməyə hazırdır.
Gununsesi.info