
Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə-Azərbaycan arasında preferensial (tərcihli) ticarət haqqında saziş layihəsi qəbul edilib.
Gununsesi.org-un APA-ya istinadən xəbərinə görə, layihə öncə millət vəkilləri tərəfindən müzakirə olunub.
İyi Partiyanı təmsil edən millət vəkili Yavuz Ağıralioğlu türkdilli dövlətlərin ticarət əlaqələrinin gücləndirilməsinin vacibliyini bildirib. Millət vəkili deyib ki, 8 türk dövlətinin iqtisadi əlaqələrinin böyüklüyü dünyada istehsal edilən ümumi daxili məhsulun 87-də 1-nə bərabərdir: “Türk respublikaları ilə sazişlər qəbul edilir, amma tətbiqinə gəlincə bu proses ləngiyir. Almanların iqtisadiyyatı 5 dəfə inkişaf edirsə, bizdə bu 10 dəfə inkişaf etməlidir, ingilislərdə bu rəqəm 6 isə, bizdə 12 olmalıdır, necə deyərlər, onlar yeriyirsə, biz qaçmalıyıq”.
Deputat qəbul edilən belə sazişlərin düzgün idarə olunmasının vacibliyini bildirib.
Milliyyətçi Hərəkat Partiyasını (MHP) təmsil edən millət vəkili Yaşar Karadağ Türkiyə-Azərbaycan əlaqələrinin hərtərəfli inkişaf etdiyini və bir çox ölkələrə nümunə olduğunu deyib.
Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən millət vəkili Mahir Polat bu il fevralın 25-də tərcihli ticarət haqqında saziş layihəsinə dair tərəflər arasında çərçivə protokolları, mayın 31-də isə Azərbaycan tərəfin bu protokolların qəbuluna dair razılıq sənədi imzalandığını xatırladaraq, Türkiyə tərəfin bu prosesdə gec qaldığını vurğulayıb: “Bu sazişə baxdıqda Azərbaycan bizə 15 adda, biz də Azərbaycana 15 adda məhsul mübadiləsi ediləcəyini görürük. Bu məhsullar arasında qarşılıqlı güzəştli tarifləri tətbiq edirik”.
Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.