
Naxçıvan dəmir yolu xəttini qısa müddətdə açmaq istəyirik.
Gununsesi.info xəbər verir ki, bunu İranın Nəqliyyat və infrastruktur naziri Məhəmməd İslami deyib.
IRNA-nın məlumatına görə, M.İslami İran, Rusiya və Azərbaycan Respublikaları arasında imzalanan Şimal-Cənub Nəqliyyat Dəhlizi müqaviləsi çərçivəsində Naxçıvan dəmir yolu xəttinin yenidən istifadəyə verilə biləcəyini dilə gətirib. Bildirib ki, Təbriz-Azərbaycan dəmir yolu Avropa və Şimali Qafqaz dəmir yollarını bir-birinə bağlamaq üçün uyğun mövqedir.
Qeyd edək ki, Rusiya, İran və Hindistanın 2000-ci ildə razılaşdığı, daha sonra Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Azərbaycan və Ermənistanın daxil olduğu Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsi quru, dəniz və qatar yolu marşrutlarından ibarət 7 min 200 kilometrlik şəbəkəni əhatə edir.
Hindistanı İran və Azərbaycan vasitəsilə Rusiyaya bağlayan layihə İran, Mərkəzi Asiya, Rusiya və Hindistan arasındakı əməkdaşlığın artırılmasını hədəfləyir.
İran, Rusiya və Azərbaycan prezidentləri 2016-cı ilin iyul ayında Bakıda keçirilən toplantıda korridorun yaradılması üçün fikir mübadiləsi aparmışdı. Üçlü zirvənin ikinci iclası 2017-ci ilin noyabr ayında Tehranda olmuşdu.
Gununsesi.info