
Beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası qlobal problemləri həll etməkdə aciz olduqlarını nümayiş etdirir, hətta onları daha da gərginləşdirir.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altunun İspaniyanın “Atalayar” nəşrində dərc olunan məqaləsində deyilir.
Məqalədə qeyd olunur ki, Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında BMT-nin uğursuz olduğu yerlərdə həll yolları təklif edir.
Altun qeyd edir ki, “beynəlxalq təşkilatlar yeni əsrin və yeni dövrün işığında, yeni balanslar nəzərə alınmaqla yaradılmalıdır”.
Türkiyə rəsmisi vurğulayıb ki, Ankara prezident Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi “Dünya beşdən çoxdur” tezisinə uyğun olaraq yeni “çoxölçülü” və “çox aktorlu” beynəlxalq mühitə hazırlaşır.
Onun sözlərinə görə, Türkiyə qlobal və regional problemlərin həlli üçün humanitar və diplomatik kanallardan, həmçinin dövlətlərarası qarşılıqlı fəaliyyətin müasir vasitələrindən, o cümlədən “xalq diplomatiyası”ndan səmərəli istifadə edib.
“Son illərdə əldə edilən nailiyyətlər sayəsində Türkiyə beynəlxalq aləmdə nüfuz qazanır və regional məsələlərdə, ilk növbədə, Yaxın Şərq və Qafqazda uğurla oyunçu rolunu oynayır”, – deyə o vurğulayıb.
İsrail-Fələstin münaqişəsi ilə bağlı müəllif qeyd edib ki, prezident Ərdoğanın rəhbərliyi ilə irəli sürülən “həll yönümlü siyasi mövqe” və problemin humanitar aspektinin vurğulanması bunun əyani sübutudur.
“Ukrayna, Qarabağ və digər regional problemlər özünün ikinci əsrinə qədəm qoyan Türkiyə Cümhuriyyətinin regionda əsas oyunçu və lider ölkəyə çevrildiyini açıq şəkildə nümayiş etdirdi”, – deyə Altun bildirib.
Gununsesi.info