Türkiyədə siyasi gərginlik yenidən gündəmin əsas mövzusuna çevrilib.
Ankara Məhkəməsinin qərarı ilə CHP-nin 38-ci qurultayının nəticələri ləğv edildikdən sonra Kamal Kılıçdaroğlu yenidən rəsmən Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri vəzifəsinin icrasına başlayıb.
Məhkəmənin müvafiq qərarının ona təqdim edildiyi bildirilir.
Digər tərəfdən isə, Özgür Özəl geri addım atmaq niyyətində olmadığını açıqlayaraq özünü partiya sədri elan edib.
Mövzu ilə bağlı siyasi şərhçi Turan Rzayev Gununsesi.info-ya bildirib ki, Türkiyə siyasi tarixində bu tip partiyadaxili böhranlar yeni hadisə deyil.
Onun sözlərinə görə, Türkiyə siyasətinin ən xarakterik xüsusiyyətlərindən biri məhz partiyadaxili savaşlar, parçalanmalar və məhkəmə müdaxilələridir:
“Türkiyə siyasi tarixində ən məşhur parçalanmalardan biri 1970-ci illərdə Nəcməddin Ərbakan hərəkatında yaşanıb. Həmin dövrdə sağ-sol qarşıdurmaları, küçə toqquşmaları, iqtisadi böhran və hərbi çevriliş təhlükəsi ölkəni davamlı siyasi böhranlara sürükləyirdi. Belə bir şəraitdə Ərbakan “Milli Görüş” ideoloji xəttini formalaşdırdı”.
Şərhçi qeyd edib ki, Ərbakanın qurduğu Milli Nizam Partiyası dini-mühafizəkar elektoratın əsas siyasi ünvanlarından birinə çevrilsə də, Türkiyə ordusu və dövlətin dünyəvi qanadı bu yüksəlişdən narahat idi. Nəticədə partiya 1971-ci ildə bağlandı.
“Ərbakan siyasətdən çəkilmədi və daha sonra Milli Səlamət Partiyasını qurdu. Partiya qısa müddətdə güclənərək hökumət ortağına çevrildi. Hətta CHP ilə koalisiya hökumətində də yer aldı. Lakin əsas dönüş nöqtəsi sonrakı illərdə baş verdi”, – deyə Turan Rzayev vurğulayıb.
Onun fikrincə, 1990-cı illərdə “Milli Görüş” daxilində ciddi fikir ayrılığı yarandı:
“Ərbakan ənənəvi və sərt siyasi xətti davam etdirmək istəyirdi. Gənc siyasətçilər isə düşünürdülər ki, Türkiyə dəyişir və daha modern, praqmatik siyasətə ehtiyac var. Bu gənclərin başında Rəcəb Tayyib Ərdoğan və Abdullah Gül dayanırdı”.
Siyasi şərhçi bildirib ki, nəticədə böyük parçalanma baş verdi və Ərdoğan komandası 2001-ci ildə Ədalət və İnkişaf Partiyasını (AKP) yaratdı:
“Türkiyədə partiyadaxili savaşlar bəzən partiyaları dağıdır, bəzən isə ölkənin gələcəyini dəyişən yeni siyasi qüvvələr formalaşdırır. CHP-də hazırda yaşanan proseslərin diqqətlə izlənilməsinin əsas səbəbi də budur”.
Turan Rzayev hesab edir ki, CHP daxilində əsas qarşıdurma köhnə siyasi xəttlə yeni siyasi yanaşma arasında gedir:
“Kamal Kılıçdaroğlu nə gənc siyasətçidir, nə də dəyişiklik vədi verir. Əksinə, o bildirib ki, CHP-ni təsis prinsiplərinə qaytaracaqlar. Bu isə partiyada yenilənmə gözləyən qüvvələrin narazılığını artırır”.
Şərhçinin sözlərinə görə, mövcud böhran ən çox AKP-nin maraqlarına xidmət edir:
“Uzun illərdir alternativsiz olduğunu deyən AKP bu böhrandan seçki kampaniyalarında ciddi şəkildə istifadə edə bilər. Hətta istisna deyil ki, Kılıçdaroğlunun yenidən partiya rəhbərliyinə gətirilməsi dolayısı ilə Ərdoğan komandasının maraqlarına uyğundur. Çünki Ərdoğan vaxtilə bu proseslərdən keçib və siyasi oyunun qaydalarını yaxşı bilir”.
Turan Rzayev onu da bildirib ki, Özgür Özəl CHP daxilində daha ciddi siyasi təhdid hesab olunur:
“Özgür Özəl yeni nəfəs və yeni siyasi xətt kimi qiymətləndirilir. Buna görə də onun və tərəfdarlarının partiyanı asanlıqla Kılıçdaroğluna təhvil verəcəyi gözlənilmir. Mübarizə davam edəcək”.
Şərhçi son olaraq əlavə edib ki, qarşıdurmanın dərinləşməsi CHP-də parçalanma ehtimalını da artırır:
“Parçalanmış CHP həm partiya, həm də Özgür Özəl üçün ciddi problem yarada bilər. Çünki AKP bunu da seçkilərdə ustalıqla istifadə edəcək. Üstəlik, mühafizəkarlığın gücləndiyi Türkiyədə parçalanmış müxalifətin nə qədər effektiv olacağı ciddi sual altındadır”.
Orxan











