Bu bizik -Pərviz Yəhyalı yazır

Xanım deputat uşaqlara verilməyən müavinətdən danışır. Guya arqument ortaya qoyur, hökumətin bu məsələdə haqlı olduğunu əsaslandırmağa çalışır. Əslində isə nümayiş etdirdiyi zehniyyətin acı isteza doğuran bəsitliyini hamıya car çəkir.

Jurnalist əfəndi də dərhal onun müdafiəsinə qalx. Özü də necə? Xalqı aşağılayaraq, özünəməxsus leksikon xəzinəsinin ağzını açıb əndirabadi təhqirlərlə.

Haqlı olaraq, məmləkətin pəpə deyənindən kökə yeyəninə qədər böyük əksəriyyət hər ikisini tənqid edir.

Elə bu vaxt bütün hirs-hikkəsini telefonun, kompüterin klaviaturasına boşaldan soydaşımın övladı məktəbdən tələb olunan hansısa kursun məcburi imtahan kuponuna pul istəyir. Ya da hansısa ödənişli “Kenquru”, “Zürafə” olimpiadasında iştirak hüququ verən daha bir pul qarışığına. Hələ tapşırıqla təşkil olunan pullu sirk, zoopark ekskursiyalarını demirəm.

Uşağın xətrinə bir təhər imkanlarını silkələyib onu sabah pərt olmaqdan qoruyur.

Evinin kəndarından bayıra ayaq basmamış telefonuna gələn elektron bildirişdən məlum olur ki, həyətində saxladığı maşına görə cərimə ödəməlidir. “Cəhənnəm”, — deyib yola düzəlir. Deyir, gedim maşını texniki baxışdan keçirib cəriməni də ödəyim.

Üz tutduğu məkanda 40 manatlıq rüsum əvəzinə qaydasızlıqlar basabasasında 150 manatından keçir. Hələ bir sevinir də ki, uzun növbədə vaxt itirmədi.

Evinə qayıdanda marketdən aldığı ərzağın çəkisindən tutmuş keyfiyyətinə qədər aldadıldığını heç fərqinə də varmır.

Birdən yadına düşür ki, hansısa yunan muzasının adını daşıyan məkanda toya dəvətlidir.

Könlüncə olmasa da gedir.

Toy zalının girişində hərarətlə qarşılanır, xüsusi təmtəraqla aparılıb bir küncdə əyləşdirilir.

Beş-on dəqiqə keçməmiş görür ki, səhər ondan 40 manat əvəzinə 150 manat alan cənab toy sahibi tərəfindən xüsusi ehtiramla yuxarı başa keçirilir.

Bir az diqqət yetirəndə görür ki, mötəbər masada həmin allı-güllü kursun sahibi də əyləşib. Statusu bir qədər aşağı olan digər “hörmətli” masada isə aynaçıların menecerləri.

Gəlinlə bəy zala daxil olandan xeyli sonra birdən canlanma düşür. Musiqiçilər ayağa qalxır, administratorların göstərişi ilə xidmət personalı əl-ayağa dolaşır.

Soydaşım diqqətlə baxır. Fikirləşir, yəqin indi zala hansısa dünya şöhrətli futbol ulduzu daxil olacaq.

Görür ki, yox.

Bu, səhər sosial şəbəkədə lənət püskürdüyü məşhur jurnalistdir.

Səs-küy onu sıxdığından foyeyə çıxır. Orada gördüyünə bilmir təəccüblənsin, ya yox.

Toy əhlinin az qala üçdə biri bir deputatın başına yığışıb onunla şəkil çəkdirir. Deputat da məmnun-məmnun poz verir, gülümsəyir.

Toydan çıxıb evə dönəndə yolboyu taksi sürücüsünün halallıq barədə dərinmənalı nitqini dinləyir. Mənzil başına çatanda sayğacın 7 manat göstərdiyi halda verdiyi 10 manatdan qalıq qaytarılmadığını görüb köks ötürür.

Yorğun olsa da evdə onu sevimli klaviaturası gözlədiyindən addımlarını yeyinlədir.

Əvvəlcə pencəyini çıxarıb stulun üstünə atır.

Sonra telefonundakı, şadlıq evinin foyesində deputatla çəkdirdiyi şəkilləri bir-bir fleş karta köçürür ki, itib-batmasın.

Pərviz Yəhyalı

Gununsesi.info