Turan Rzayev: Moldova-Rumıniya birləşməsi ideyası aktuallaşır

  • By Admin2
  • 01 İyun 2026 11:48

Moldovanın xarici işlər naziri Mihai Popșoi ölkəsinin Rumıniya ilə mümkün birləşməsi məsələsinə münasibət bildirib.

Rumıniya vətəndaşı olduğunu xatırladan nazir qeyd edib ki, belə bir təşəbbüs irəli sürülərsə, onun əleyhinə olmayacaq.

O vurğulayıb ki, bu məsələdə yekun qərar Moldova vətəndaşlarının iradəsindən asılıdır.

Gununsesi.info-ya danışan siyasi şərhçi Turan Rzayev hesab edir ki, son illərdə Moldova ilə Rumıniya arasında inteqrasiya meyillərinin güclənməsi birləşmə ideyasını yenidən gündəmə gətirib.

Onun sözlərinə görə, rəsmi Kişinyovun MDB məkanından uzaqlaşması və Avropa inteqrasiyası kursunu sürətləndirməsi fonunda Rumıniya ilə birləşmə məsələsi daha intensiv müzakirə olunur.

Şərhçi xatırladıb ki, Maia Sandu daha əvvəl ölkəsinin Rumıniya ilə yaxınlaşmasını dəstəklədiyini bəyan edib. Rumıniya tərəfi də bu məsələyə açıq qapı siyasəti nümayiş etdirir.

Belə ki, Rumıniya rəhbərliyi dəfələrlə bildirib ki, Moldova cəmiyyəti iki ölkənin birləşməsinə dəstək verərsə, Buxarest bu prosesi müzakirə etməyə hazırdır.

Turan Rzayev onu da qeyd edib ki, Moldova, Transilvaniya və Valaxiya ilə birlikdə tarixi rumın torpaqları hesab olunur. Onun sözlərinə görə, 1859-cu ildə Valaxiya və Moldaviya knyazlıqlarının birləşməsi əsasında Rumıniya dövlətinin formalaşması bu ideyanın tərəfdarları tərəfindən mühüm tarixi arqument kimi təqdim edilir.

Bununla yanaşı, siyasi şərhçi mümkün birləşmə ssenarisinin ölkə daxilində birmənalı qarşılanmadığını bildirib.

“Qaqauzlar hesab edirlər ki, Rumıniya ilə birləşmə onların milli kimliyinin və mədəni xüsusiyyətlərinin zamanla zəifləməsinə, assimilyasiya riskinin artmasına səbəb ola bilər. Bu səbəbdən onlar mümkün birləşmə təşəbbüslərinə skeptik yanaşırlar. Hadisələrin inkişafından asılı olaraq, bölgədə etiraz meyillərinin və müqavimət çağırışlarının da gündəmə gəlməsi istisna deyil”, – deyə Turan Rzayev qeyd edib.

Onun fikrincə, Moldova-Rumıniya birləşməsi məsələsinin gələcək taleyi ilk növbədə Moldova cəmiyyətinin mövqeyindən, eləcə də ölkə daxilindəki etnik və siyasi balansın necə qorunacağından asılı olacaq.

Elmar

Gununsesi.info