12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən deputatlığa müstəqil namizəd Turabxan Turabxanlı Lökbatan Mədəniyyət evində seçicilərlər görüş keçirib.
Namizədin seçki qərargahının yaydığı məlumata görə, görüşdə rayonun ziyalıları, gənclər və namizədin millət vəkili seçilməsinini istəyən başqa seçiclər iştirak ediblər. Dövlət himninin ssəsləndirilməsi ilə başlayan görüş, daha sonra Turabxan Turabxanlının çıxışı ilə davam etdi.
Namizəd özü haqqında ətraflı məlumat verdi və seçkilərdə iştirak etməsinin səbəblərinə toxundu: “Mən bu bölgədə yaşayıram, uzun illərdir sığorta sahəsində çalışsam da, Qaradağın iqtisadi potensialını dərindən araşdırmışam. Əhalinin gündəlik qayğılarını və onların həlli yollarını yaxşı bilirəm. Bilirsiniz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin bütün sahələrində ciddi islahatlar aparılır. Qısa müddət keçməsinə baxmayaraq, dövlət səviyyəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verir. Qaradağ, Binəqədi, Yasamal rayonlarında da turizmi və sənayenin, biznesin müxtəlif sahələrini inkişaf etdirməklə əhalinin məşğuluğunu təmin etmək, həyat şəraitini yaxşılaşdırmaq, eyni zamanda infrastrukturu yeniləmək mümkündür. Dünyada müalicəvi palçıq vulkanlarının əhəmiyyətli hissəsi bu bölgədə yerləşir. Bu da nəhəng turizm potensialı deməkdir. Həm yerli, həm də xarici sərmayələr cəlb etməklə qısa müddətdə bölgənin iqtisadi yüksəlişinə nail olmaq olar”.
T.Turabxanlı daha sonra seçki platformasında əks olunan digər məqsədlərini sadaladı. Qeyd etdi ki, qısa müddətdə seçicilərin qarşısında verdiyi bütün vədləri yerinə yetirmək mümkündür. Çünki bu işə cəlb edəcəyi yaxşı komandası var. Əsas məsələ onu həyata keçirmək arzusunda olmaqdır.
Namizəd vurğuladı ki, millət vəkili seçilməsi onun öz potensialını reallaşdırması üçün mühüm vasitədir: “Mən bölgəmizə, insanlarımıza, dövlətimizə xidmət etmək istəyirəm. Deputat olmaq bizə bölgənin problemlərinin yuxarı dövlət qurumlarının qarşısında qaldırılması, həlli yollarının tapılması üçün lazımdır. Mən ümid edirəm ki, seçicilər mənim platformama, davamlı inkişafa səs verəcəklər. Biz bu yolda birlikdə yürüyüb, inşallah qələbəyə nail olacağıq”.
Tədbirdə çıxış edən seçicilər Turabxan Turabxanlını tanıdıqlarını, onun uğurlu bir millət vəkili olacağına inandıqlarını bildirdilər. Namizədin çalışdığı sahələrdə həmişə yeniliklərə, inkişafa nail olduğu vurğulandı. Çıxışçılar onu yüksək təhsilli, peşəkar mütəxəssis olmaqla yanaşı, sadə vətəndaş olmasını yüksək dəyərləndirdilər: “Turabxan, vətənpərvər, ziyalı ailədə doğulub, uşaqlığı, gəncliyi gözümüzün qabağında keçib. O, hər şeydən əvvəl böyük bir vətənpərvərdir. Ölkəsini, millətini çox sevir. Bu nəcib keyfiyyətlər hər bir millət vəkilində olmalıdır. Ümid edirik ki, seçicilərin böyük dəstəyi ilə Turabxan Turabxanlı millət vəkili seçiləcək“, – deyə çıxışlarda vurğulandı.
COMMENTS