“Tokio-2020” Yay Olimpiya Oyunları təxirə salına bilər

İyulun 21-də “Tokio-2020” Yay Olimpiya və Paralimpiya oyunlarının açılışına iki gün qalmış Yaponiya paytaxtında Tokio Mətbuat Mərkəzi qapılarını açıb.

Bildirilir ki, Tokio Mətbuat Mərkəzi Yaponiya paytaxtının mövqeyindən Yay Olimpiya Oyunları barədə jurnalistlər üçün əsas informasiya mənbəyi rolunu oynayacaq. Koronavirus pandemiyası ilə əlaqədar Tokioda fövqəladə vəziyyət rejiminin davam etməsi nəzərə alınaraq mətbuat mərkəzinin təşkilatçıları burada onlayn informasiyanın əldə edilməsi üçün maksimum şərait yaratmağa çalışıblar. Mərkəzə akkreditə olunan jurnalistlər bütün məlumatları bu məqsədlə yaradılmış xüsusi saytdan əldə edə biləcəklər.

Yay Olimpiya Oyunlarının başlamasına iki gün qalmış Yaponiya paytaxtında koronavirusa yoluxma ilə əlaqədar vəziyyət gərgin olaraq qalır. Gündəlik yoluxma sayı hələ də min nəfərdən çoxdur. Epidemioloji vəziyyət gərgin olduğuna görə hökumət iyulun 12-dən avqustun 22-dək Tokioda fövqəladə vəziyyət rejimi elan edib.

Bu arada Tokio Olimpiadasının təşkilatçıları koronovirusla əlaqədar Oyunların ləğvinin mümkünlüyünü istisna etmirlər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Tokio-2020”nin təşkilat komitəsinin baş direktoru Toşiro Muto son sutka ərzində oyunlarla əlaqədar daha 10 nəfərin koronavirusa yoluxmasını şərh edərkən deyib. Ümumilikdə artıq 68 nəfərin virusa yoluxduğunu qeyd edən T.Muto xəstəliyin kəskin artacağı təqdirdə Olimpiya Oyunlarının ləğvinin mümkünlüyünü bildirib.

“Biz deyə bilmərik ki, yoluxma ilə bağlı durum necə olacaq. Əgər yoluxmada artım olarsa, müzakirə aparacağıq. Razılığa gəlmişik ki, koronavirusla bağlı vəziyyətə görə beştərəfli görüş keçirə bilərik. İndiki halda yoluxma arta da, azala da bilər. Ona görə də artım olarsa, biz nə edəcəyimizi düşünəcəyik”, – deyə Muto bildirib.

Xatırladaq ki, Olimpiya Oyunlarına iyulun 23-də start veriləcək və yarışlar avqustun 8-dək davam edəcək.