
Elə insan var ki, bədənindən daim xoşagəlməz qoxu gəlir. Çox vaxt bu, tərləmə ilə əlaqədar olur. Belələri havalar bir az isinən kimi dəsmalla boyun bogazlarını qurulumaqdan əldən düşürlər. Bədən buxar maşını kimi elə hey tər ifraz edir. Təbii ki, bu vəziyyət ətrafdakılarda ikrah hissi oyadır. Ancaq onlar düşünmürlər ki, bu hal insan orqanizmində gedən ciddi dəyişikliklərin əlaməti olar bilər.
Bəzi insanlar öz burunlarının, qulaqlarının, bəzən bədən quruluşlarının formalarından şikayətlənir və hətta bunu böyük bir kompleksə çevirirlər. Lakin fikrimizcə özünə inamlı, səliqəli, işgüzar, qəşəng geyimdə olan bir kəsdən gələn kəskin xoşagəlməz qoxu əsl kompleks sayılmalıdır. Bu zaman insanın özünə güvəni, sinirləri və sakitliyi də pozulmuş olur. Təsəvvür edin ki, evdən çıxdığınız heç bir saat deyil, amma artıq bütün suyun içindəsiniz, sizdən çox pis tər qoxusu gəlir və ətrafdakıların “heç özünə baxmır” ifadəsi sizi lap özünüzdən çıxarır. Yaşınızdan və tutduğunuz mövqedən asılı olmayaraq bu vəziyyətdə siz ətrafdakı insanlarda ikrah hissi oyada və qazandığınız hörməti sarsıda bilərsiniz. Ancaq ətrafdakı insanlar fikirləşmirlər ki, bu hal insan orqanizmində gedən ciddi dəyişikliklərin əlaməti ola bilər. Tibdə bunu hiperhidroz adlandırırlar.
Tərləmə, yoxsa hiperhidroz?
Planetimizin sakinlərinin 0,05%-də hədsiz tərləmə müşahidə edilir. Tərləmə tər vəzilərinin normal funksiyası olduğu halda, hiperhidroz bu vəzilərin hiperfunksiyası nəticəsində yaranan patoloji vəziyyətdir. Lakin çox təəssüflər olsun ki, hiperhidrozun səbəbləri indiyədək tam dəqiq müəyyən edilməyib. Vərəm, limfoqranulomatoz, ürək-damar, böyrək, endokrinoloji xəstəliklər, piylənmə, sinir-emosional gərginlik, həmçinin çox kəskin ədviyyatlı, isti qidaların qəbulundan sonra, sintetik materiallardan hazırlanmış geyimlərdən istifadə etdikdə, isti mühitdə qaldıqda güclü tərləmə baş verə bilər. Qadınlarda xüsusilə pubertat və klimakterik dövrdə tərləmə əhəmiyyətli dərəcədə artır.
Tərləmə əsasən qoltuqaltı, ovuc və ayaqaltı nahiyələrdə, həmçinin qasıq büküşlərində baş verir, nəticədə mikrobların və göbələklərin artması üçün şərait yaranır. Bu zaman bakteriyalar tər vəzisi hüceyrələrinin protoplazmasını, o cümlədən dərinin buynuz maddəsini parçalayır, nəticədə doymamıış yağ turşuları, müxtəlif ammonyak birləşmələri (butandion) xaric olur və göstərilən nahiyələrdə pis qoxunun yaranmasına şərait yaranır. Tərləmə orqanizmin istilik tənzimini həyata keçirir. Tərləmə zamanı böyrəklərin işi bir qədər azalmış olur. Bundan bəzən böyrək xəstəlikləri zamanı müalicə kimi istifadə edilir. Tərləmə prosesi lokal və ümumi olmaqla iki yerə bölünür. Bundan asılı olaraq müalicə iki istiqamətdə aparılır: yerli olaraq tərləmə müşahidə edilən nahiyələrin, funksiyasının azaldılması və ümumi vegetativ sinir sisteminə təsir etmə. Lokal tərləmənin qarşısını müntəzəm yuyunmaqla, bitkilərdən hazırlanmış isti vanna qəbul etməklə, ayaqyalın gəzməklə (tərləmə ayaqlarda olduqda) və s. müxtəlif üsullarla almaq mümkün olduğu halda, ümumi tərləmə zamanı bu prosedurlar heç bir effekt verməyə bilər, hətta ciddi olaraq cərrahi müdaxilə də tələb edə bilər. Onu da qeyd edək ki, uzun müddət antiseptik məhlulların istifadə edilməsi dərinin həssaslığını artıraraq allergik dermatitin yaranmasına səbəb ola bilər.
Tərləmənin qarşısını almaq üçün operativ müdaxilə zamanı onurğa sütununun yaxınlığında yerləşmiş və tərləməni tənzimləyən simpatik sinir sisteminin regional düyünləri açıq və ya ənənəvi (endoskopik və kimyəvi) yolla dağıdılır (simpatektomiya əməliyyatı). Hər bir cərrahi müdaxilə kimi bu əməliyyatın da ağırlaşmaları mövcuddur. Hematomaların yaranması, plevranın zədələnməsi və s. baş verə bilər. Professional cərrahlarda belə travmalar nadir hallarda yaranır. Lakin əməliyyatdan sonra bədənin digər nahiyələrində kompensator tərləmənin yaranması heç bir professionallığa baxmır. Sevindirici haldır ki, belə hallar 1-2% olur və təkrari cərrahi müdaxilə tələb edir. Ümumi müalicə zamanı medikamentoz terapiya, fizioterapiya, müalicəvi məşqlər tətbiq edilir. Bu halların qarşısını almaq üçün xüsusilə həkim-vegetoloqla məsləhətləşmək lazımdır.
Son zamanlar insanlar bu problemin həlli üçün kosmetoloqlara müraciət edirlər. Burada tətbiq edilən orijinal üsul Botoks metodu ilə müalicədir. Botoks botulizm törədicisinin zəiflədilmiş toksinindən alınan preparatdır. Bu preparat kiçik sinir ucluqlarının işini blokada edir və təryaranma prosesi dayanır. Preparatın təsiri cəmi 5-9 ay qalır.
Ən ucuz yol isə antiperspirantlardan (tərləmə əleyhinə olan vasitələr) istifadədir. Xüsusilə yay vaxtı çox istifadə edilən bu antiperspirantların tərkibinə alüminiumun müxtəlif duzları (xlorid, xlorhidrat, sulfat, laktat, asetat), sink, sirkonium, qurğuşun, dəmir, formaldehid, etil spirti (bəzən olmur) və s. daxildir. Bu antiperspirantlartərləmənin qarşısını yalnız 40% ala bilir.
Hər kəs yaxşı bilir ki, insan fiziki işdən, həyəcanlandıqdan, qorxduqdan, utanmadan və s. sonra çoxlu tərləyir. Tər tər vəziləri tərəfindən ifraz edilən maye olub, tərkibinin 97,5-99,5%-i sudan, qalan hissəsi isə duzlardan (xloridlər, fosfatlar, sulfatlar) və sidik cövhəri, sidik turşusu duzları, kreatin və s. bu kimi madələrdən ibarətdir. Dəri səthinə axan tər burada piy vəzilərinin sekreti ilə qarışır. Tərin tərkibi orqanizmin vəziyyətindən, yəni daha dəqiq desək qanın tərkibindəki maddələrdən və tər ifrazının intensivliyindən asılıdır. Ağır fiziki işdən sonra tərin tərkibində süd turşusunun miqdarı artır. Həmçinin bir çox dərman preparatları da, məsələn, yod birləşmələri, benzoy turşusu, xininlər və s., mübadilə məhsulları, toksiki maddələr tərlə xaric olur. Tərin qoxusu onun tərkibində olan sidik cövhərinin miqdarından asılıdır. Lakin normada sağlam tərdən heç bir qoxu gəlmir. Tərin rəngi isə mübadilədən və rəngyaradan bakteriyaların olmasından asılı olaraq müxtəlif rəngdə, məsələn, sarı, qırmızı, göy, yaşıl və s. rəngdə ola bilər.
Hələ bir müddət əvvəl holland entomoloqları malariya ağcaqanadlarının pendirin Limburger növünə xüsusi hərislik göstərdiyini müəyyən etmişlər. Onu da xatırladaq ki, bu pendirdən uzun müddət su, sabun üzü görməmiş xoşagəlməz ayaq iyi gəlir. Buna gör də tərindən pis qoxu gələn insanlar malariya xəstəliyindən ehtiyatlı olmalıdırlar.
Tərləmədən əziyyət çəkənlər qida rasionlarına da fikir verməlidirlər. Çünki tünd çay, kofe, şirin məmulatlar, şokolad tər ifrazını artırır.
P.S. Birdən-birə tərləməyə heç bir səbəb olmadan qadınlarda qoltuqaltı nahiyədə tərləmənin artması və kəskin iyli olması süd vəzi xərçəngindən xəbər verə bilər.
Türkəçarə ilə müalicəsi.
1 stəkan xırdalanmış palıd qabığının üzərinə 0,5 litr su əlavə edilərək 10 dəqiqə qaynadılır. Alınmış maye ilə tərləyən nahiyələr vanna edilir. Bu məqsədlə şam ağacından, fındıq ağacının yarpağından, qara gəndalaşın çiçək və meyvəsindən də istifadə etmək olar.
Qara çaydan hazırlanmış tünd dəmləmə ilə də gecələr vanna qəbul etmək olar.
Tərləyən nahiyələri növbəli şəkildə gah sərin, gah da isti suya salıb 30-60 saniyə saxlamaqla tərləmənin qarşısı alınır.
6 xörək qaşığı aptek çobanyastığı çiçəklərinin üzərinə 2 litr qaynar su əlavə edilərək 1 saat müddətinə dəmə qoyulur. Hər gün axşam yatmazdan öncə tərləyən ətraflar alınmış dəmləmə ilə vanna edilir.
Hər gün səhər tezdən təmiz və quru qoltuqaltı nahiyələrə çay ağacının yağı sürtülür və 5 dəqiqədən sonra yağ salfetlərə hopdurulur.
Hər gün yatmazdan öncə tərləyən nahiyələri araqla silmək də olar.
Bu məqsədlə salisil-sink pastalarından (Lassar pastası) da istifadə etmək olar.
2 xörək qaşığı xırdalanmış sincanotu (qambatı) kökümsovunun üzərinə 1 stəkan qaynar su əlavə edilərək 30 dəqiqə müddətinə dəmə qoyulur. Alınmış dəmləmədən vanna, kompres və islatma şəklində tərləyən nahiyələr üçün istifadə edilir.
1 çay qaşığı duz 1 stəkan isti su ilə qaışdırılır və gündə 2 dəfə tərləyən nahiyələr alınmış məhlulla yaxalanır.
Tərləyən nahiyələr, xüsusilə ayaqlar sərin su ilə yuyulur, tam qurudulur. Bundan sonra ayaq barmaqlarının arasına tozağacı yarpaqları qoyularaq müəyyən müddət saxlanılır. Gündə iki yarpaqlar yeniləri ilə əvəz edilir.
Həmçinin tozağacı bitkisindən hazırlanmış qətranlı sabunlar da tərləmə əleyhinə effektli təsir göstərir.
Gununsesi.info