
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə bağlı bəzi həll edilməmiş məsələlər qalır. Bu il yanvarın 23-də prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün yeddi üzvdən ibarət Müşahidə Şurası yaradılıb. Sənəddə həmçinin, Nazirlər Kabinetinə 15 günə Müşahidə Şurasının yaradılması ilə əlaqədar şirkətin nizamnaməsinin bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini prezidentə təqdim etmək tapşırılıb. Lakin iki aydan çox keçməsinə baxmayaraq, indiyədək bu məsələ öz həllini tapmayıb.
“Ola bilsin ki, bayramlarla əlaqədar…”
Məsələyə, hələlik, Nazirlər Kabinetindən və SOCAR rəsmilərindən münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Asim Mollazadə əmindir ki, tez bir zamanda bu məsələ öz həllini tapacaq: “Ola bilsin ki, bayramlarla əlaqədar hansısa bir gecikmə olub, amma əminəm ki, hər şey necə lazımdır öz həllini tapacaq”.
Deputat “Turan” agentliyinə bildirib ki, hər şey prezidentin fərmanına uyğunlaşdırılmalıdır: “Fərmanda olduğu kimi, idarəçilik və bütün proseslərə nəzarət bilavasitə Müşahidə Şurası tərəfindən həyata keçiriləcək. İcra və praktiki məsələlərlə bağlı funksiyalar müəyyənləşəcək”.