“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı-2023” ilinin rəsmi bağlanış mərasimi keçirilib

  • By ilhame
  • 10 Dekabr 2023 14:28

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimi keçirilib.

 

Gununsesi.info xəbər verir ki, mərasimdə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində keçirilən tədbirlər haqqında videoçarx nümayiş etdirilib.

 

Daha sonra tədbir iştirakçıları Türkmənistanın Anev şəhəri ilə bağlı videoçarxı izləyiblər.

 

Mərasimdə Azərbaycan, Türkmənistan və Özbəkistandan olan incəsənət ustalarının və gənc istedadların iştirakı ilə konsert proqramı təqdim edilib.

Qeyd edək ki, TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əsası 2010-cu ildə türkdilli ölkə başçılarının İstanbulda keçirilən sammitində qoyulub. Qərara əsasən, Türk dünyasından hər il bir şəhər “mədəniyyət paytaxtı” elan edilir. Ötən illərdə Astana (2012, Qazaxıstan), Əskişəhər (2013, Türkiyə), Kazan (2014, Tatarıstan – RF), Mərv (2015, Türkmənistan), Şəki (2016, Azərbaycan), Türküstan (2017, Qazaxıstan), Kastamonu (2018, Türkiyə), Oş (2019, Qırğızıstan), Xivə (2020, Özbəkistan; pandemiya ilə bağlı bu şəhərdə tədbirlər 2021-ci ildə keçirilib) və Bursa (2022, Türkiyə) şəhərləri “Türk dünyasının mədəniyyət paytaxtı” olub. Şuşa Türk dünyasından bu missiyanı qəbul edən 11-ci şəhər idi.

 

Bildirək ki, Şuşa şəhəri 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirəcək.

 

Gununsesi.info