
SOCAR-ın FƏALİYYƏTİ QANUNSUZDUR.
Bu qurumun nə statusu bəllidir, nə də normal nizamnaməsi var – hüquqi dərəbəyliyin bariz nümunəsi, Prezidentin Fərmanı da icrasız qalıb.
SOCAR ölkəmizin ən iri və tanınmış şirkəti hesab olunur. Amma hüquqi cəhətdən SOCAR adlı hüquqi şəxs yoxdur! Söhbət sadəcə addan getmir: fərqi yoxdur ingilissayağı SOCAR adlansın, yaxud millisayağı ARDNŞ. Yeri gəlmişkən, Prezidentin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 1.8-ci bəndinə əsasən onun dilimizdə də qısaldılmış rəsmi adı elə məhz SOCAR-dır.
Həmin Nizamnamənin 1.4-cü bəndinə görə SOCAR guya hüquqi şəxsdir. Niyə guya? Ona görə ki, Mülki Məcəlləmizin 50.1-ci maddəsində deyilir: “Hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur”. Lakin SOCAR-ın adında onun təşkilati-hüquqi forması göstərilməyib. Belə ki, SOCAR-ın Nizamnaməsinin 1.2-ci bəndində qeyd edilir ki, o, kommersiya fəaliyyətini həyata keçirir, yəni guya kommersiya hüquqi şəxsidir. Mülki Məcəlləmizin 4-cü fəslində kommersiya hüquqi şəxsinin yalnız 6 təşkilati-hüquqi forması nəzərdə tutulur: tam ortaqlıq, kommandit ortaqlığı, məhdud məsuliyyətli cəmiyyət, əlavə məsuliyyətli cəmiyyət, səhmdar cəmiyyəti və kooperativ. Hüquq elmində buna “numerus clausus” prinsipi deyilir. Yəni kommersiya hüquqi şəxsi yalnız bu 6 formadan birində mövcud ola bilər. SOCAR-ın isə adından və Nizamnaməsindən görünür ki, onun ümumiyyətlə təşkilati-hüquqi forması yoxdur. Bu isə o deməkdir ki, belə hüquqi şəxs mövcud deyil. Hüquq subyekti ya fiziki şəxs (insan), ya da hüquqi şəxs ola bilər. SOCAR bunların heç birinə aid deyil, deməli, qanunun gözündə (Fərman Qanuna ziddirsə, hüquqi qüvvəsi yoxdur) belə hüquq subyekti yoxdur! Vergi orqanı da onun qeydiyyatını həyata keçirməməlidir.
Məsələnin sırf nəzəri problem olmasını düşünənlər yanılır. Ölkə daxilində ola bilər ki, problem olmaz, çünki biz hüquqi dövlətdən çox uzağıq, qanunlar, bir qayda olaraq, işləmir. Amma beynəlxalq münasibətlər müstəvisində problem ola bilər. Belə ki, SOCAR-ın ciddi məhkəmə mübahisəsi yaransa, xüsusilə o, bu əsnada cavabdeh olsa, xarici və ya beynəlxalq məhkəmə (arbitraj) ilk növbədə onun kimliyini, daha doğrusu mövcudsuzluğunu müəyyən edəcək. Bunun da 3 nəticəsi olacaq. Əvvəla, beynəlxalq aləmdə ölkəmizin imicinə ciddi zərbə dəyəcək: hüquq sistemimizin bərbad olması dünyaya bəyan olacaq (yeri gəlmişkən, tanınmış xarici hüquq ekspertlərinin sırf SOCAR-ın statusuna görə bizə rişxənd etdiklərinin şahidi olmuşam). İkincisi, SOCAR-ın işgüzar fəaliyyətinə zərər dəyəcək: bağladığı müqavilələr, iştirak etdiyi layihələr sual altında olacaq. Nəhayət, üçüncüsü, SOCAR-ın mövcudsuzluğu aşkar olunduqdan sonra, onun bütün öhdəliklərinə görə tam məsuliyyəti Azərbaycan dövləti daşıyacaq.
Mən bu problemi əvvəllər də qaldırmışam. Ümid edirdim ki, dövlət şirkətlərinin idarəçiliyi üzrə həyata keçirilən islahatlar çərçivəsində bu problem həllini tapacaq. Artıq il yarımdır ki, SOCAR-a yeni şəxs rəhbərlik edir. Çoxsaylı vitse-prezidenti də var, bu günlərdə bir hissəsi yeniləndi. Hətta orada başda iqtisadiyyat naziri olmaqla Müşahidə Şurası da yaradılıb. 3 ildir ki, “Azərbaycan İnvestisiya Holdinqi” yaradılıb ki, dövlət şirkətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi və s. təmin etsin. SOCAR da onun idarəçiliyinə verilib. Amma “Azərbaycan İnvestisiya Holdinqi”nin hər hansı əməli fəaliyyəti ümumiyyətlə görünmür. SOCAR isə əvvəlki kimi qeyri-müəyyən statusa malik olan qurumdur.
Üstəlik, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Prezidentin 23 yanvar 2021-ci il 1258 №-li Fərmanının 5.2-ci bəndində “Azərbaycan İnvestisiya Holdinqi”nə tapşırılmışdı ki, “beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, SOCAR-ın mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə onun hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını altı ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin”. Fərmanın 5.3-cü bəndində isə ona tapşırılmışdı ki, “diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq SOCAR-ın yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin”.
Deməli, 2021-ci ilin iyul ayının sonunadək diaqnostika bitməli idi, sentyabr ayının sonunadək isə yeni nizamnamə olmalı idi. 2 il keçib, xəbər yoxdur…
P.S. Deyirdik ki, köhnə kadrlar savadsızdır, qanun-filian saymırlar. Yenilər guya savadlıdır (əslində əksəriyyəti savadsız qlamur oğlanlardır), amma qanuna münasibət eynidir.
Yeni yeniləri gözləyək?..
Əkrəm Həsənov
Gununsesi.info