Şikayətçini külli miqdarda rüsum, vəkilləri ağır cərimə gözləyir - Qanunvercilik necə dəyişdirilir?

Milli Məclisin bu gün keçiriləcək növbədənkənar iclasının gündəliyinə 12 məsələ daxil edilib. Onların sırasında əhalinin sosial və məhkəmə hüquqlarını tənzimləyən qanunvercilik aktlarına təklif edilən dəyişikliklər mühüm əhəmiyyət kəsb edir.

Belə ki, parlamentdə “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihələrinin ikinci oxunuşda müzakirəsi davam etdiriləcək. Bundan başqa deputatlar Əmək Məcəlləsinə, Mülki Prosessual Məcəlləsinə, Ailə Məcəlləsinə, Mülki Məcəlləyə Vergi Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, İnzibati Prosessual Məcəlləsinə, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” və “İnzibati icraat haqqında” qanunlarında dəyişiklik edilməsi barədə təklifləri birinci oxunuşda müzakirə edəcəklər.

Mülki Prosessual Məcəlləyə (MPM) təklif edilən yeni – 174.5-ci maddədə əksini tapan dəyişiklik vəkillərin cərimələnməsi ilə bağlıdır. Belə ki, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər. Layihəyə əsasən, cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilməlidir.

MPM-nin əlavə edilən 177.3-cü maddəyə təklif edilən dəyişikliklər isə müraciətlərlə bağlı dövlət rüsumlarının artırılmasını nəzərdə tutur.

Qanunverciliyə dəyişiklik təkliflərini “AzPolitika.info”-ya şərh edən hüquqşünas Hafiz Həsənov xatırladıb ki, Milli Məclisin bu günkü iclasının gündəliyinə daxil edilən 12 məsələdən 11-i qanunlara dəyişikliklərlə bağlıdır.

“Anlamaq olmur ki, qanunlara bu qədər dəyişiklikləri bir iclasda müzakirə edib qəbul etmək mümkündürmü? Halbuki, təkcə Mülki Prosessual Məcəlləyə (MPM) təklif edilən dəyişikliklər bir neçə gün müzakirə tələb edir. Eyni zamanda, insan hüquq və azadlıqları baxımından ictimai əhəmiyyət təşkil edən bu qanun layihələri niyə ictimai müzakirərələrə çıxarılmadan qəbul edilir?”-deyə hüquqşünas qeyd edib.

 

 

Ekspert deputatların müzakirəsində verilən – məhkəmələrə iddia ərziləri üzrə dövlət rüsumlarının artırılması və vəkillərin cərimələnməsi barədə dəyişikləri nəzərdə tutan təklifləri şərh edib: “Hesab edirəm ki, məhkəmələrə iddia ərizələri üzrə dövlət rüsumlarının 30 – 1790 manat həddində müəyyən edilməsi xeyli dərəcədə çoxdur və bu hədlər insanların bu günkü yaşayış səviyyəsinə uyğun deyildir. Halbuki, bu rüsumlar hazırda bir qayda olaraq, 10 – 30 manat arasındadır.

Həmçinin, dövlət rüsumlarının bu cür hədləri məhkəmələrə çatımlıq imkanlarına xeyli dərəcədə mənfi təsir göstərəcək. Həmçinin, MPM-ə təklif olunan 174.5-ci maddə ümumi xarakter daşımır və bu normadan aydın olmur ki, vəsatətin və şikayətin əsassız olub-olmaması, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədilməsi necə və hansı kriteryalar üzrə müəyyən edilir?

İndiki halda bu hallar hakimin iradəsindən asılı olaraq tətbiq ediləcək ki, bunun mənfi təsirlərinə tərəflər, onların nümayəndələri və vəkillər məruz qalacaqlar. Hesab edirəm, ki, bu təklif qəbul ediləcəyi halda tərəflərin, onların nümayəndələrinin və vəkillərinin prosessual hüquqlarını məhdudlaşdıracaq, onları məhkəmə prosesiə sədrlik edənin iradəsindən asılı edəcək. İndiki halda onsuz da prosessual qanunvericilik tərəflərə təsir baxımından hakimə müəyyən imkanlar verirdi. Bir sıra hallarda bu imkanlardan sui-istifadə halları da olurdu və bundan vəkillərdən əsassız şikayətlərin verilməsində istifadə olunurdu. Belə olan halda indi mülki-prosessual qanunvericiliyə həm də tərəflərə “açıq-aşkar əsassız vəsatət və şikayətlər verilməsi, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədilməsi” adı ilə tərəfə, onun nümayəndəsinə və ya vəkilinə 500 manatadək cərimə tətbiqinin gətirilməsi həmin şəxslərin ədalətli məhkəmə araşdırması hüquqlarını, o cümlədən prosessual hüquqlarını bir qədər də məhdudlaşdıracaq. Həmçinin, istisna deyildir ki, bu imkanlardan vəkillərə münasibətdə sui-istifadə hallarına yol verilməyəcək, onlara təzyiq kimi istifadə edilməyəcək? Həmçinin, bu cərimənin məbləğinin 500 manatadək olması, 177.3.-cü maddəyə təklif olunan məhkəmə iclasında qayda pozuntusuna görə cərimə niyə 55 manatdan 500 manatadək artırılması hansı əsaslarla müəyyən edilib?”

Hafiz Həsənov qeyd edir ki, burada təəssüf doğuran həm də budur ki, bu cür təkliflər məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi adı altında verilir. 

“Ümumilikdə isə, hesab edirəm ki, qanunvericiliyə təklif edilən bu cür təkliflər xeyli çoxdur və bu dəyişikliklərdə məqsəd həm də məhkəmənin iş yükünün azaldırlmasıdırsa, bu məsələnin məntiqi və hüquqi həlli qanunun aliliyinin təmin edilməsidir. Ona görə də hesab edirəm ki, bu dəyişiklilər geniş ictimai müzakirə olunmalıdır və məsələyə hüquqşünaslar, o cümlədən vəkillər ciddi münasibət bildirməlidirlər”, deyə hüquqşünas vurğulayıb.

Anar Bağırov dəyişiklik təkliflərinı tənqid etdi

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Mülki Prosessual Məcəlləyə yeni – 174.5-ci maddənin əlavə edilməsi ilə bağlı layihəyə münasibət bildirərib. 

“Vəsatətin və ya şikayətin “açıq-aşkar əsassız” olması meyarı necə müəyyən olunub və müəyyən olunubmu? Bu ifadə hüquqi müəyyənlik prinsipinə nə dərəcədə cavab verir? Hal-hazırda imkansız vətəndaş mülki işlər üzrə aşağı instansiya məhkəmələrində dövlət hesabına hüquqi yardımla təmin olunmur, hüquqi savadı və hüquqi yardıma çatımlığı olmayan şəxs istənilən halda “açıq-aşkar və aşkar olmayan əsasssız” vəsatət verəndə 500 manatadək cərimələnməsi nə dərəcədə ədalətli olacaq? Bu sualların əsaslı cavabını eşitmək maraqlı olardı”, deyə Kollegiya sədri vurğulayıb.

 

 

Anar Bağırov kassasiya şikayətlərinin hədləri dəyişdirilməsinə də münasibət bildirib. Layihəyə əsasən, vahid məhkəmə sisteminin təmin edilməsi baxımından bu həddin 2000 manatdan 5000 manata qaldırılması nəzərdə tutulur.

Vəkillər Kollegiyasının sədri qeyd edib ki, qanunvericiliyə təklif edilən bu dəyişikliklə yanaşı mülki işlər üzrə aşağı instansiya məhkəmələrində aztəminatlı şəxslərə dövlət hesabına hüquqi yardımın göstərilməsi təcili olaraq təmin olunmalıdır: “Əks halda dövlət rüsumunun artması, kassasiya həddinin 5 000 manatadək qaldırılması ilə yanaşı pulsuz hüquqi yardıma çatımlılığın təmin olunmaması aztəminatlı şəxslər üçün bu növ mülki iddialar üzrə məhkəməyə müraciət etmək və hüquqi yardım almaq hüquqlarını ciddi şəkildə məhdudlaşdıracaq”.

Gununsesi.info