Separatçıların 2 sentyabr matəmi Hansı layihə puç oldu?

Erməni mediası hələ avqustun ortalarında Qarabağdakı separatçıların 2 sentyabrdakı “müstəqillik günü”nü atəşfəşanlıqla qeyd edəcəklərini tirajlayırdı. Amma gözlənilənlərin tam əksi baş verdi. Birincisi, İrəvandan Xankəndiyə yüksək çinli məmurlar gəlmədi. İkincisi, Qarabağa gəlməyə macal tapmış erməni deputatları yerləşdikləri hoteldə elə sadə ermənilər döyməyə cəhd etdilər. Üçüncüsü, Rusiya öz sülhməramlılarına hərbi keçid gerçəkləşdirməyə icazə vermədi. Dördüncüsü, ermənilər 44 günlük müharibədə məhv edilən terrorçuların məzarını ziyarət etməyi toy-bayram şənliklərindən üstün tutdular.

Bir sözlə, separatçılar arasında matəm havası hökm sürür və revanşist separatçılarla sadə ermənilər arasında böyük uçurum yaranıb.

Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Publika.az-a açıqlamasında söyləyib ki, artıq faşist ermənilərin qidalandığı “Miatsum” layihəsi puç olub:

“2 sentyabrda Xankəndidə baş verənləri yas mərasimi adlandırardım. Çünki ermənilərin illərdir bəsləndiyi və Azərbaycan ərazilərinə iddiaları özündə əks etdirən “Miatsum” layihəsi tam şəkildə darmadağın edilib. Ötən gün biz bunun bir daha şahidi olduq. Onların iddiaları, istəkləri var idi ki, Qarabağı Ermənistana birləşdirsinlər. Bu, alınmadı. Ermənistandan Qarabağa yüksək məmurun gəlməməsi, hoteldəki deputatların sadə ermənilər tərəfindən daş-qalaq edilməsi onu göstərir ki, artıq insanlar – sadə ermənilər bu məsələyə öz münasibətlərini bildirirlər. Özü də bunu kəskin şəkildə edirlər. Söhbət ondan gedir ki, sovetlərin dağılma ərəfəsində orada 127 min erməni əhali yaşayırdı. Yəni keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində cəmi bu qədər erməni var idi. Yadınıza gəlirsə, 44 günlük müharibədən əvvəl Qarabağda yaşayan ermənilərin sayı 50-60 minə enmişdi”.

Politoloq əlavə edib ki, hətta müharibə baş verməmişdən əvvəl Qarabağdakı ermənilər həmin əraziləri sürətlə tərk edirdilər:

“Başa düşürdülər ki, onların orada gələcəyi yoxdur. Çox maraqlıdır ki, həmin şəxslər Ermənistanda da yox, üçüncü ölkələrdə, o cümlədən Rusiyada məskunlaşırdılar. Yəni müharibədən sonra Qarabağı tərk edənlərin sayı yenə çoxaldı. İndi Qarabağdakı ermənilərlə bağlı bir-birinə yaxın müxtəlif rəqəmlər səsləndirilir. Qarabağda 20-25 min əhali qalıb. Bu onu göstərir ki, ermənilər artıq faşist, milliyyətçilik ideyasına inanmırlar və inanmaq istəmirlər. İndi ermənilər “Miatsum” layihəsinin acı nəticələrini daha ağır formada hiss edirlər. Bizə də zülmlər ediblər. Nə qədər insan qırıblar. Etnik təmizləmələr aparıblar. Amma özləri bundan fayda görməyiblər və görməyəcəklər”.

Gununsesi.info