Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri sıradan diplomatik təmas deyil. Mövcud geosiyasi şəraitdə bu səfər Bakı–İrəvan xəttində sərhədin delimitasiyası məsələsinin praktik mərhələyə keçdiyini göstərən mühüm siyasi siqnaldır.
Bu sözləri Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.
O bildirib ki, səfərin detalları açıqlanmasa da, Mustafayevin delimitasiya komissiyasına rəhbərlik etməsi əsas gündəliyin sərhəd məsələləri olduğunu deməyə əsas verir. Xüsusilə Nikol Paşinyanın daha əvvəl delimitasiya prosesinin davam etdiriləcəyini bildirməsi bu ehtimalı gücləndirir.
O, həmçinin deyib:
“Reallıq ondan ibarətdir ki, Azərbaycan–Ermənistan sərhədinin delimitasiyası təkcə iki ölkə arasındakı texniki xəritə problemi deyil. Burada sovet dövründən qalan hüquqi sənədlər, mürəkkəb coğrafiya və regional təhlükəsizlik balansı iç-içədir. Məhz buna görə proses ləng gedir, lakin tam dayanmayıb. Əsas məsələ tərəflərin mübahisəli nöqtələri dondurmaq əvəzinə, həlli mümkün istiqamətlərdən irəliləməyə çalışmasıdır. Paşinyanın Ermənistan–Gürcüstan delimitasiyasını da gündəmə gətirməsi diqqətdən yayınmamalıdır. Bu, Cənubi Qafqazda sərhədlərin lokal deyil, daha geniş regional koordinasiya əsasında yenidən dəqiqləşdirilməsi tendensiyasına işarədir. Yəni söhbət yalnız Bakı və İrəvandan yox, müəyyən mənada Tbilisinin də dolayısı ilə bu prosesdə yer almasından gedir”.
Politoloq o cümlədən vurğulayıb:
“Ermənistan mediasında Cilizə kəndi ilə bağlı yayılan məlumatlar da göstərir ki, delimitasiya artıq nəzəri yox, konkret coğrafi və demoqrafik nəticələr doğura biləcək mərhələyə yaxınlaşır. Hazırkı mərhələdə əsas nəticə budur: Bakı və İrəvan sərhəd məsələsini dondurmaqdan daha çox, mərhələli şəkildə həll etməyə çalışır. Bu isə sülh prosesinin ağır tempinə baxmayaraq, regionda yeni sərhəd reallığının formalaşdığını göstərir”.
Orxan
Gununsesi.info









