Sabunçunun icra başçısı Əvəz Zeynallının məhkəməsinə gəldi - O, məndən sadəcə xahiş edib ki.....

Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev sentyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. O, “Xural TV” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının məhkəməsində şahid qismində ifadə verib.

Gununsesi.info xəbər verir ki, Əvəz Zeynallıya qarşı ittihamlardan biri də budur ki, Sabunçu qəsəbəsində mağaza tikmək istəyən Ruslan Vəliyev üçün icra hakimiyyətindən razılıq adı ilə ondan 7 min manat pul alınıb. İcra başçısı da bu məsələ ilə əlaqədar dindirilib.

Vəliyevin sözlərinə görə, bundan bir müddət sonra Əvəz Zeynallı ona zəng edib: “Xahiş elədi ki, kasıb adamdır, icra nümayəndəliyi qeyri-yaşayış sahəsinin tikintisinə müdaxilə eləməsin. Mən də göstəriş verdim, müdaxilə eləmədilər. Sonradan öyrəndim ki, o ərazi Dövlət Neft Şirkətinin imiş…”

Vəkilin “sizin səlahiyyətiniz olmadığı halda, necə müdaxilə edirsiniz” sualına Vəliyev belə cavab verib: “Elə danışırsınız ki, sanki Azərbaycanda yaşamırsınız…”.

Vəliyev vurğulayıb ki, Əvəz Zeynallı ona zəng vuraraq sadəcə xahiş edib: “Mənə kimsə nə pul verib, nə də kiminsə buna cəsarəti çatar…”.

 

Gununsesi.info