Sərxoş maşın sürdüyü üçün saxlanılan nazir istefa verdi

  • By admin
  • 24 İyul 2023 09:32

Yeni Zelandiyanın ədliyyə naziri, 39 yaşlı Kiri Allan avtomobil qəzasından sonra saxlanıldıqdan və sərxoş olduğu üzə çıxdıqdan sonra istefa verib.

Gununsesi.info-nun Avropa mediasına istinadən verdiyi xəbərə görə, Allan ehtiyatsızlıqdan avtomobil idarə etməkdə və həbsdə müqavimət göstərməkdə ittiham olunur.

Bazar günü gecə Vellinqtonda baş verən yol qəzasında ölən və ya xəsarət alan olmayıb.

Həbs edildikdən sonra Allan polis bölməsinə aparılıb və orada dörd saat saxlandıqdan sonra sərbəst buraxılıb.

Allan daha sonra ona qarşı irəli sürülən ittihamlarla məhkəmə qarşısına çıxacaq.

Sabiq nazir hələlik deputat olaraq qalacaq.

Mövzu ilə bağlı mətbuat konfransı keçirən Baş nazir Chris Hipkins, “O, nazir olaraq vəzifəsinin davam etdirilməsinin davamlı olmadığına əmindir. Xüsusilə də ədliyyə naziri kimi…”

Keçmiş nazir Allan əvvəllər digər nazir vəzifələrində çalışıb. Bu günlərdə onun “şəxsi çətinliklər”lə əlaqədar məzuniyyətə getdiyi də məlum olub.

Ötən ay partnyorundan ayrıldığını təsdiqləyən Allan həm də işçiləri ilə “pis işgüzar münasibətlərdə” ittiham olunub.

“Dünən etdiklərim yaxşı olmadığımı göstərir” deyən Allan, siyasətdəki gələcəyini də qiymətləndirəcəyini söylədi.

 

Tərcümə:

Elmar Elnuroğlu