
Komi Respublikasının Vorkuta şəhərində “Vorkutaugol” ASC-nin “Zapolyarnaya” mədənində qəza olub. Qrunt sularının daşması nəticəsində baş verən qəzada bir şaxtaçı həyatını itirib.
Gununsesi.info xəbər verir ki, bu barədə yanvarın 15-də Rusiya Fövqəladə Hallar Nazirliyinin Komi Respublikası üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Bu gün səhər Vorkutada yeraltı suların sıçrayışı nəticəsində Zapolyarnaya mədənində (600 m dərinlikdə) qismən daşqın baş verib. Hərbiləşdirilmiş dağ-xilasetmə hissəsinin Vorkuta tağımının bölmələri və həkim briqadası dərhal hadisə yerinə gedib”, – Telegram kanalında yayılan məlumatda deyilir.
Fövqəladə Hallar Nazirliyinin Komi üzrə Baş İdarəsi bildirib ki, şaxtada ümumilikdə 60 nəfərin növbəsi var, qəza yerində üç nəfər işləyir, bir nəfər xəsarət alıb, bir nəfərin axtarışları aparılır.
“Zərərçəkmiş qançır və sınıq xəsarətləri ilə xəstəxanaya aparılıb. Üçüncü işçi isə dünyasını dəyişib”, – məlumatda deyilir.
Zapolyarnaya mədəni 1949-cu ildə istismara verilib. “Vorkutaugol” ASC Rusiyanın ən böyük kömür hasilatı şirkətlərindən biridir və Uzaq Şimalda fəaliyyət göstərən yeganə Rusiya kömür hasilatı şirkətidir.
Gununsesi.info