Rusiyadan Fransaya nüvə təhdidi: Parisi vurmaq iki dəqiqəlikdir

Rusiya prezidenti Vladimir Putinin yaxın adamı olaraq tanınan Pyotr Tolstoy Ukraynaya qoşun yeritməyi planlaşdıran Fransanı nüvə hücumu ilə hədələyib.

Gununsesi.info bildirir ki, Fransa prezidenti Emmanuel Makron NATO əsgərlərini Ukraynaya yerləşdirə biləcəklərini desə də, bu təklif geniş reaksiya alıb.

Rusiya parlamentinin aşağı palatası olan Dumanın sədr müavini Tolstoy Fransa qoşunlarının Ukraynada olacağı təqdirdə, Parisə nüvə bombası atılması ehtimalını gündəmə gətirib.

Tolstoy Fransanın BFM TV kanalına müsahibəsində Rusiyanın Parisə nüvə hücumu ehtimalını hesabladığını təsdiqləyib.

Tolstoy təxmin etdiyini bildirib ki, Rusiyadan atılan raket “iki dəqiqədən bir qədər artıq” vaxta Fransa paytaxtına çata bilər.

“Rusiya üçün tarixən vacib olan ölkənin təhlükəsizliyini təmin etməkdir. NATO ölkələri, o cümlədən Fransa Rusiya sərhədləri ətrafında raketlər yerləşdirir”, – deyə o bildirib.

Fransa prezidenti Emmanuel Makron son həftələr Qərbin Ukraynada Rusiya ilə qarşıdurma üçün qoşun göndərməyi düşünməli olduğunu söyləyir. Avropa ölkələri isə Makrona qarşı çıxır.

 

Gununsesi.info