
Oktyabrın 4-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması üçün müasir strategiyalar” layihəsinin bağlanış mərasimi oldu.
Gununsesi.info xəbər verir ki, layihənin ikinci günündə Türkiyənin tanınmış mütəxəssislərinin iştirakı ilə master-klas və vörkşoplar təşkil olundu.
“Yaxşı məzmun nədir?; Rəqəmsal mediada fərq yaradanlar” mövzusunda master-klas keçən Doğukan Gezer və Suat Özdemir sosial mediada güclü brendin formalaşdırılması, daha böyük kütləyə çatmaq üçün paylaşıla bilən məzmunun yaradılması, rəqəmsal xəbərlər üçün ödənişli reklam, influnserlər ilə əməkdaşlıq, e-mail marketinqi və bülletenlərin gücündən istifadə barədə söz açdılar.
Sonra təlimçilər tərəfindən “Xəbər hazırlama prosesinin planlaşdırılması; Xəbərin yayımından sonra göstəricilərin ölçülməsi” mövzusunda təşkil olunan vörkşopda oxucuların davranış və seçimlərinin təhlili, məzmun təqvimi və yayım strategiyasının hazırlanması, başlıqlar və məzmun formatları üçün A/B testinin aparılması, axtarış mühərriklərində ön səhifələrdə görünmək üçün SEO-dan istifadə kimi məsələlər iştirakçıların diqqətinə çatdırıldı.
Daha sonrakı mərhələdə Kerim Asker “Rəqəmsal mediada dizayn” mövzusunda keçirdiyi vörkşop zamanı videonun istehsal mərhələləri, veb-sayt dizaynının və istifadəçi təcrübəsinin optimallaşdırılması və fərdiləşdirmə təcrübələrinin həyata keçirilməsi barədə geniş məlumat verdi.
Layihənin yekununda iştirakçılara sertifikatlar təqdim olundu.
Gununsesi.info