Qrenlandiya: real təhlükəsizlik zərurəti, yoxsa Trampın geosiyasi ritorikası?

ABŞ Prezidenti Donald Tramp Luiziana ştatının qubernatoru Ceff Lendrini Qrenlandiya üzrə xüsusi elçi təyin edib. Tramp bildirib ki, Qrenlandiya ABŞ-nin milli təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır və yeni elçi bu istiqamətdə ölkənin maraqlarını müdafiə edəcək. Qeyd olunur ki, Tramp Qrenlandiyanın ABŞ-yə tabe olmalı olduğunu düşünür.

Bəs görəsən, Qrenlandiyanın ABŞ üçün “milli təhlükəsizlik baxımından həyati əhəmiyyətli” elan edilməsi real təhlükələrə əsaslanır, yoxsa Çin-Rusiya rəqabətinin ritorik uzantısıdır?

Qrenlandiya coğrafi baxımdan Arktikanın mərkəzi düyün nöqtələrindən biridir. ABŞ burada artıq hərbi mövcudluğa malikdir və bu ərazi Rusiya raket trayektoriyalarının erkən aşkarlanması, Arktika hava məkanına nəzarət baxımından strateji əhəmiyyət daşıyır. İqlim dəyişiklikləri nəticəsində Arktikanın açılması bu əhəmiyyəti daha da artırır. Bu baxımdan, “milli təhlükəsizlik” arqumenti tam uydurma deyil.

Əlbəttə, Çin və Rusiya falktoru da qaçılmaz deyil.

Lakin Trampın ritorikasında təhlükə obyektiv riskdən çox, geosiyasi rəqabətin siyasi dilə çevrilmiş formasıdır. Çin son illər Qrenlandiyada investisiya, mədən və infrastruktur layihələrinə maraq göstərib, Rusiya isə Arktikanı açıq şəkildə hərbiləşdirir. ABŞ bu prosesləri “potensial təhlükə” kimi təqdim edərək qabaqlayıcı dominantlıq qurmaq istəyir. Burada söhbət mövcud hücum təhlükəsindən yox, gələcək güc balansına nəzarətdən gedir.

Nəticə olaraq, Qrenlandiya həqiqətən strateji əhəmiyyətlidir, amma Trampın təqdim etdiyi kimi birbaşa və təcili təhlükə yoxdur. Bu daha çox Çin-Rusiya rəqabətinin ABŞ siyasi diskursunda şişirdilmiş, məqsədyönlü təhlükə narrativinə çevrilmiş formasıdır. Yəni söhbət təhlükəsizlikdən çox, qlobal güc iyerarxiyasını qorumaq cəhdindən gedir.

 

Günay

Gununsesi.info