Qətər Qəzzada humanitar atəşkəsin bərpası üçün səylərini davam etdirəcək

Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Sani Qəzzada humanitar atəşkəsin bərpası üçün işləri davam etdirəcəklərini bildirib.

Gununsesi.info xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyindən yayılan yazılı açıqlamaya görə, Əl-Sani paytaxt Dohada keçirilən Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) xarici işlər nazirlərinin toplantısında çıxış edib.

Körfəz ölkələrinin xarici işlər nazirlərinin iclasının İsrailin Qəzzaya vəhşicəsinə hücumlarını davam etdirdiyi bir vaxtda keçirildiyini vurğulayan nazir, Qətərin humanitar atəşkəsin yenilənməsi və daha sonra Qəzzada daimi atəşkəsə nail olunması üçün işlərini davam etdirəcəyini bildirib.

O bildirib ki, Körfəz Əməkdaşlıq Təşkilatının çərşənbə axşamı keçirilməsi planlaşdırılan 44-cü sammiti ərəfəsində baş tutan nazirlərin görüşündə təşkilata üzv ölkələr arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Körfəz Əməkdaşlıq Şurasının baş katibi Qasim Məhəmməd əl-Budavi çıxışında regional və beynəlxalq məsələlərin, eləcə də birgə əməkdaşlıq tələb edən məsələlərin müzakirə edildiyini qeyd edib.

KƏŞ-in əvvəlki sammiti 9 dekabr 2022-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutub.

Gununsesi.info