
Prezident İlham Əliyevin işğaldan azad olunmuş bölgələrimizə səfəri hər zaman tarixi hadisə kimi diqqəti cəlb edir. Ölkə başçısı bu səfərlər vasitəsilə həm də xalqımıza işğaldan azad olunmuş ərazilərdə gedən quruculuq işləri ilə bağlı məlumat verir.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
Millət vəkili qeyd edib ki, Prezidentin Şuşaya getməsi çox böyük əhəmiyyət daşıyır: “İlham Əliyev işğaldan azad olunmuş ərazilərin hər birində aparılan quruculuq işləri ilə tanış olur, bir sıra təlimatlar verir və oranın ermənilər tərəfindən necə dağıdıldığını bütün dünyaya nümayiş etdirir. Belə hadisələr informasiya müharibəsi dövründə Azərbaycanın üstünlük əldə etməsi üçün çox əhəmiyyətlidir. Şuşa və digər ərazilərdə aparılan quruculuq işləri Azərbaycanın gücünü göstərir. Şuşada keçirilən tədbirlər həm Ermənistana, həm də separatçılara çox ağır təsir göstərdi. İlham Əliyevin oraya səfər etməsi, etdiyi çıxışlar hər kəsin yaddaşına həkk oldu.
Prezidentin Füzuli Beynəlxalq Hava Limanına getməsi və orada çıxış etməsi böyük bir hadisədir. Bu liman sentyabr ayının sonunadək hazır olacaq. Füzuli Beynəlxalq Hava Limanından həm hərbi yüklərin daşınması, həm də insanların səyahət etməsi üçün istifadə olunacaq”.
Fəzail Ağamalı vurğulayıb ki, Prezident İlham Əliyev çıxışlarında işğaldan azad olan Şuşanın yenidən bərpa ediləcəyini qeyd edirdi və belə də oldu: “Ölkə başçısı erməni vandalları tərəfindən dağıdılmış Şuşa şəhərinin abadlaşdırılması üçün ciddi addımlar atdı. Oranın infrastrukturu yenidən quruldu, dağıdılmış yerlər bərpa edildi. İlham Əliyev qeyd etdi ki, 1982-ci ildə Vaqif məqbərəsinin tikintisi başa çatdıqda o da orada idi. Bu tarixi abidə işğal dövründə dağıdılmışdı, ancaq indi yenidən bərpa olunub. Çox qısa zamanda Şuşada Vaqifin məqbərəsi və büstü, Bülbülün ev muzeyi təmir edildi. Azərbaycan Ordusu düşməni məhv edərək Qarabağı azad etdi. İndi isə Prezident İlham Əliyev Şuşada yerləşən “Qarabağ” hotelinin təməlini qoydu. Orada artıq mədəniyyətimizə və ədəbiyyatımıza təkan verən Vaqif Poeziya Günləri tədbiri keçirilir. Prezident İlham Əliyevin açılış mərasimində etdiyi çıxışda səsləndirdiyi fikirlər həm siyasi, həm də mədəni baxımdan böyük mahiyyət daşıyır. Ali Baş Komandan özünün cəsarətli və qətiyyətli mövqeyini bir daha bütün dünyaya nümayiş etdirdi. İlham Əliyev Şuşanın Azərbaycanın ərazisi olduğunu və xalqımızın orada əbədi yaşayacağını hər kəsə bəyan etdi”.
Rahib Ələsgərov
Gununsesi.info