Polşada saxlanılan sabiq icra başçısı haqqında bilmədiklərimiz

  • By admin
  • 05 Oktyabr 2022 14:42

Xəbər verdiyimiz kimi, 1993-cü ildə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı olmuş Elxan Nuriyev iki gün əvvəl Polşada saxlanılıb.

Gununsesi.info-nun xəbərinə görə, onun saxlanılmasına səbəb Azərbaycan tərəfinin İnterpol-a müraciəti olub.

Bu gün Baş Prokurorluq açıqlama yayaraq  Elxan Nuriyevin 1993-cü ildə qəsdən adam öldürmə cinayətində və vəzifə səlahiyyətini aşmaqda ittiham edib.

Prokurorluq bildirib ki, Nuriyev axtarışda olduğundan indi saxlanılıb.

Qeyd edək ki, Elxan Nuriyevin saxlanılması sosial şəbəkələrin əsas müzakirə mövzusu olub.

Ölkənin ictimai-siyasi elitasında təmsil olunan şəxslər onun azadlığa buraxılmalı olduğunu bəyan edib.

Elxan Nuriyev kimdir?

Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, Ukrayna vətəndaşı olan  Elxan Nuriyev uzun illərdir ki, bu ölkənin ictimai-siyasi həyatında tanınan isimlərdən biridir.

Hazırda Ukrayna Zabitlər Birliyinin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri olan həmyerlimiz Rusiyanın bu ölkəyə işğal siyasətinə qarşı fəal vətəndaş mövqeyi qoyub.

Millət vəkili Fazil Mustafa isə bildirib ki, Azərbaycan hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı humanist addım atmalıdır:

Vətənpərvər soydaşımız Elxan Nuriyevin Polşada saxlanması haqlı olaraq hamımızda narahatlıq yaradıb. Axtarışa Azərbaycan tərəfindən verilib, 1993-cü ildə baş verən hadisələrlə bağlı ittiham olunduğu maddələr var.

Bu barədə vaxtilə hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə müzakirə də aparmışam. Əminəm ki, onun təqsirsizliyi nə vaxtsa məhkəmədə sübuta yetiriləcək.

Elxan bəy Ukraynada Azərbaycanı təbliğ edən tanınmış simalardan biridir.

Ümid edirəm ki, hüquq-mühafizə orqanlarımız xeyirxahlıq addımı ataraq bu problemin çözülməsinə çalışacaq və Elxan bəy Ukrayna üçün bu ağır günlərdə fədakar çalışmalarına davam edəcək” .

Mətləb

Gununsesi.info