Politoloq: Köçəryan və Sərkisyanın Azərbaycana ekstradisiyası gündəmə gələ bilər

  • Müəllif: Firuzə
  • 25 Avqust 2026 17:40

Ermənistanda sabiq prezident Robert Köçəryan ətrafında yeni hüquqi proses başlayıb.

Köçəryan əvvəlcə Milli Təhlükəsizlik Xidmətinə, daha sonra isə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb. Bundan başqa, onun və ailə üzvlərinin əmlaklarında axtarışların keçirildiyi bildirilir.

Gununsesi.info xəbər verir ki, politoloq Turan Rzayevin sözlərinə görə, Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ilə bağlı üç maddə üzrə cinayət işi başlanıb.

İstintaqın əsas versiyasına əsasən, Köçəryan 1998–2008-ci illərdə prezident olduğu müddətdə xidməti mövqeyindən istifadə edərək dövlət mülkiyyətindən çıxarılan qiymətli əmlakı bazar dəyərindən xeyli aşağı qiymətə əldə edib.

Rzayev qeyd edib ki, hüquqi proses yalnız Robert Köçəryanla məhdudlaşmır.

Onun sözlərinə görə, oğlu Sedrak Köçəryan, Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan, keçmiş baş nazir Andranik Marqaryan, İrəvanın sabiq meri Qagik Beqlaryan və digər şəxslərin də adı cinayət işi üzrə hallanır.

Politoloq hesab edir ki, Köçəryan və Sərkisyanla bağlı prosesin başlanması gözlənilən idi:

“Gec-tez Ermənistan Baş naziri Nikol Paşinyanın Robert Köçəryan və Serj Sərkisyanla bağlı cinayət işləri açaraq onları bu və ya digər formada həbs etdirəcəyi gözlənilən idi. Paşinyan bunu çox öncədən də edə bilərdi, lakin tələsmədi”.

Onun fikrincə, Paşinyan əvvəlcə parlament seçkilərinin nəticələrini və siyasi mövqeyini möhkəmləndirməyi, daha sonra isə rəqibləri ilə bağlı hüquqi proseslər üçün zəminin formalaşmasını gözləyib.

“Parlamentdə yetərli çoxluğu təmin edən Paşinyan, görünür, bir qədər də gözləməyi, rəqiblərinin həbsi üçün hüquqi zəminin yaranmasını, həmçinin araşdırmaların yekunlaşmasını gözlədi. İndi isə görünür, vaxt yetişib və hərəkətə keçilib”, – deyə Rzayev bildirib.

Politoloqun sözlərinə görə, prosesin gələcəkdə genişlənməsi və Köçəryan və Sərkisyanın tərəfdarları sırasında yer alan digər şəxslərin də hüquqi təqiblə üzləşməsi istisna edilmir.

Rzayev həmçinin Köçəryan və Sərkisyanın gələcəkdə Azərbaycana ekstradisiya olunması ehtimalını da dəyərləndirib.

O bildirib ki, hazırkı mərhələdə belə bir ssenarinin reallaşması real görünmür.

“Bu həbslər Azərbaycanın istəyi ilə deyil, Paşinyanın planı əsasında baş tutur. Ona görə Bakı hadisələrə Ermənistanın daxili işi kimi baxır. Lakin ümumilikdə bu günə qədər Azərbaycan belə bir tələblə çıxış etməyib”, – politoloq vurğulayıb.

Onun sözlərinə görə, 44 günlük müharibə zamanı Köçəryan və Sərkisyanın Qarabağa gəldiyi, Azərbaycan tərəfinin isə onların yerindən xəbərdar olduğu barədə məlumatlar mövcuddur.

Rzayev iddia edib ki, həmin vaxt Rusiya kəşfiyyatından xəbərdarlıq alan Köçəryan və Sərkisyan Ermənistana qayıdıblar.

Politoloq hesab edir ki, hazırda Ermənistan və Azərbaycan arasında ədliyyə sahəsində müvafiq mexanizmlərin və təmasların olmaması səbəbindən belə bir ekstradisiya mümkün deyil.

“Lakin bu gün olmasa belə, gələcəkdə ortaq bir məhkəmə prosesi ilə Robert Köçəryan və Serj Sərkisyan həm də azərbaycanlılara qarşı işlədiyi insan haqları cinayətləri və Bakının qaldıracağı iddialar üzrə mühakimə edilə bilər”, – Turan Rzayev əlavə edib.

Orxan
Gununsesi.info