Politoloq: İlham Əliyevin Özbəkistan səfəri strateji əhəmiyyət daşıyır

  • Müəllif: Firuzə
  • 24 Avqust 2026 10:19

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Özbəkistana dövlət səfəri edib.

Gununsesi.info-nun xəbərinə görə, politiloq Turan Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfərini şərh edərək səfərin geniş gündəmi və iki ölkə arasında münasibətlərin son illərdə qazandığı dinamikanın diqqət çəkdiyini bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü, Ali Dövlətlərarası Şuranın üçüncü iclası, yeni sənədlərin imzalanması, “Yeni Daşkənd” layihəsi ilə tanışlıq və Buxaraya səfər proqramın mühüm hissələridir.

Rzayev hesab edir ki, səfərin gündəliyi onun strateji əhəmiyyətini göstərir.

Politoloq qeyd edib ki, Azərbaycan-Özbəkistan münasibətlərinin əsası ümummilli lider Heydər Əliyevin 1997-ci ildə Özbəkistana səfəri zamanı qoyulub. Prezident İlham Əliyev isə bu siyasi xətti davam etdirərək əlaqələri daha geniş müstəviyə çıxarıb. Nəticədə iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib.

Rzayev iki lider arasında formalaşan şəxsi münasibətlərin də bu prosesdə mühüm rol oynadığını vurğulayıb.

Onun sözlərinə görə, son illərdə qarşılıqlı yüksək səviyyəli səfərlərin intensivliyi Bakı ilə Daşkənd arasında siyasi dialoqun səviyyəsini göstərir.

Politoloq budəfəki səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanmasının gözlənildiyini və bunun tarixi əhəmiyyət daşıdığını bildirib.

Onun fikrincə, belə bir sənəd iki ölkənin mövcud müttəfiqliyini gələcək nəsillər üçün də siyasi çərçivəyə salacaq.

Turan Rzayev Azərbaycan-Özbəkistan əlaqələrinin Mərkəzi Asiya və Türk dünyası kontekstində də mühüm əhəmiyyət daşıdığını qeyd edib. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı, eləcə də Bakı ilə Daşkəndin Türk Dövlətləri Təşkilatının rolunun gücləndirilməsində maraqlı olması bu yaxınlaşmanı daha da əhəmiyyətli edir.

Onun sözlərinə görə, iqtisadi və nəqliyyat əməkdaşlığı da sürətlə inkişaf edir.

Orxan
Gununsesi.info