
Rusiya Federasiyası Ukraynadakı vəziyyətin həllinə yönəlmiş istənilən səyləri, o cümlədən Türkiyənin təşəbbüsünü alqışlayır.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Əsasən Ankaradan verilən açıqlamaları eşidirik. Bir daha təkrar edirəm ki, Ukraynadakı vəziyyətin nizamlanması üçün istənilən cəhdi alqışlamaq olar”, – Peskov Rusiyanın Ukrayna məsələsinin həlli ilə bağlı Türkiyədən hər hansı təklif alıb-almadıqlarına dair suala cavabında deyib.
Peskov həmçinin bildirib ki, Kreml Türkiyənin Donbasdan olan nümayəndələrin Rusiya və Ukrayna arasındakı dialoqa dəvət etməsini vacib hesab edir.
“Bu, çox vacib elementdir və biz buna diqqət yetirmişik”, – Kreml sözçüsü vurğulayıb.
Peskov jurnalistlərə bildirib ki, hazırda Vladimir Putinin iş qrafikində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təmaslar yoxdur. Buna baxmayaraq, onun sözlərinə görə, telefon danışıqları sürətlə əlaqələndirilir.
“Hələlik qrafikdə telefon danışığı yoxdur. Lakin lazım gələrsə, bu, baş verə bilər”, – deyə Peskov söyləyib.
Gununsesi.info