
“Cəmiyyətdə Nikol Paşinyanın artıq ölkə lideri vəzifəsini tutma hüququna malik olmadığına, mümkün qədər tez getməsinə dair təxminən 100% bir razılaşma var”.
Gununsesi.org xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Rodina” partiyasının lideri Artur Vanetsyan “Sputnik Ermənistan”-a verdiyi müsahibəsində deyib.
“Paşinyanın istefası üzərində fəal işləyirik. Baş nazirin istefasını tələb edən müxalifət qüvvələrinin kütləvi etiraz aksiyalarının heç bir nəticəyə səbəb olmadığı fikri ilə razı deyiləm. Müharibənin başlanğıcından bəri Paşinyanın bütün addımları hakimiyyəti hər yolla saxlamağa yönəlmişdi, ancaq istefası çox qısa müddətdə bir gerçəkliyə çevriləcək. Baş nazir vəzifəsində çalışmasının hər saniyəsi Ermənistan üçün ciddi təhlükə yaradır. Paşinyanın istefası məsələsinə nəhayət parlamentdə qərar veriləcək və hakim “Mənim addımım” blokunun deputatlarının onsuz da belə bir qərarı var”- deyə, müxalifət lideri vurğulayıb.
Paşinyanı istefaya göndərəcək kütlənin niyə meydanlara çıxmadığı barədə suala cavabında Vanetsyan deyib ki, etirazçı kütlə meydandakı insanların sayı ilə deyil, insanların istəkləri ilə müəyyən edilir.
Vanetsyan, Paşinyanın istefaya gedərsə, onu kimin əvəzləyəcəyini hələ dəqiqləşdirmədiklərini vurğulayıb.