Partiya lideri baş naziri təhdid etdi: “Ayaqlarından asarıq”

İspaniyada ifrat sağçı “Vox” partiyasının lideri Santyaqo Abaskalın sosialist baş nazir Pedro Sançesi “ayağından asmaqla” hədələməsi ölkədə mübahisə yaradıb.

Gununsesi.info xəbər verir ki, ötən həftə Argentinanın prezidenti seçilən ifrat sağçı Xavyer Mileinin and mərasiminə qatılan Abaskal Argentinanın “Clarin” qəzetinə müsahibəsində İspaniyadakı separatçı katalonlara əfv təşəbbüsünə toxunaraq, baş nazir Sançesi “qanunları pozmaqda və milli birliyi riskə atmaqda” ittiham edib.

“İspan xalqının Sançesi ayağından asmaq istəyəcəyi bir dövr gələcək” deyən Abaskalın açıqlaması həm Sançesin rəhbərlik etdiyi Sosialist İşçi Partiyası (PSOE), həm də sağçı əsas müxalifət Xalq Partiyası (PP) tərəfindən sərt şəkildə tənqid edilib.

Hökumət qanadı bəzi muxtar administrasiyalarda “Vox” ilə əməkdaşlıq edən PP-ni bu partiya ilə əlaqələrini kəsməyə çağırıb.

Ana müxalifət PP-nin lideri Alberto Nunez Feijoo Abaskalın sözlərinin “təəssüf doğurduğunu” bildirib və tənqidini PSOE-yə yönəldib. Feijoo PSOE-nin separatçı katalonlara qarşı əfv təşəbbüsü ilə “İspaniyanı bölməyə çalışdığını” iddia edib və deyib ki, “Vox” liderinin bu sözləri “Sançezin ispan xalqı arasında divar qurmaq siyasəti ilə üst-üstə düşür”.

Sabah İspaniya Parlamentində sözügedən əfv qanun layihəsi müzakirəyə çıxarılacaq.

2012-ci il yanvarın 1-dən Kataloniyada müstəqillik tərəfdarı təşəbbüslərdə, 9 noyabr 2014-cü il qanunsuz referendumda və 1 oktyabr 2017-ci ildə keçirilən referendumda iştirak edən təxminən 400 separatçı Kataloniya siyasətçisi və vətəndaş cəmiyyəti üzvü mühakimə olunub və ya məhkəmə prosesləri davam etdirilir. Sənəd ictimai asayişi pozan, küçələrdə zorakılıq nümayişi keçirən təşkilat nümayəndələrinin, eləcə də radikal qrupların üzvlərinin əfv edilməsini nəzərdə tutur.

Gununsesi.info