Əslində, qadın müğənninin səhnə geyimi, davranışı bir o qədər də müzakirə olunmamalıdır. Yəni məsələn, heç kim Şakira səhnəyə çıxanda demir ki, azzz, həyasız, cıraram səni, o nədi geyimisən? Ancaq bizim cəmiyyətimiz üçün səhnə geyimi tale yüklü bir məsələyə çevrilib.
Açığı, Azərbaycanda elə qadın müğənnilər var ki, onlar soyunanda adamın pisinə getmir, zövqü korlanmır, əksinə, baxmaq istəyirsən. Ancaq Xumar Qədimova soyunanda adamın həyata, nəinki həyata, seksə qarşı olan-qalan həvəsi də ölür. Bu mənada, son dövrlər ora-burasını şişirdən müğənnilərin də bazarı artıq ölüb. Çünki hamısı eyniləşir, daha onları heç arxadan da tanımaq olmur. Ancaq Xumar Qədimova estetik əməliyyat keçirsə, onu heç bu da xilas edə bilməz.
Yox, əsla, heç kim demir ki, Xumar Qədimova çirkin qadındır, ancaq bu onun gözəl olduğu anlamına da gəlmir. Çox da gözəl olmayan qadının isə hərəkətləri adama toxunur.
Xumar Qədimova xüsusilə son zamanlar açıq-saçıq fotossesiyalara daha çox üstünlük verir. Çünki artıq oxuya bilmədiyini başa düşüb. Gec də olsa, çatıb bu həqiqətə. İndi də istəyir ki, heç olmasa, məsələn, kraliça Aygün Kazımovanın kölgəsində də olsa görünə bilsin.
Bu mənada, heç Aygün Kazımovanın açıq-saçıq geyinməyi də adamı narahat etmir. Hətta istəyirsən, soyunduqca soyunsun. Ancaq Xumar Qədimova soyunanda aparıb üstünə ədyal zad atmaq istəyirsən ki, birdən soyuq dəyər.
Bəs görəsən, kimsə Xumar Qədimovadan soruşub ki, ay bacı, niyə elə yanıqlı oxuyursan? Səni kim aldadıb ki, elə oxuyanda seksi görsənirsən? Ümumiyyətlə, özünü niyə “malaletka” qızlar kimi aparırsan?
Soyunmaq problem deyil. Ancaq bəlkə, bunun fonunda bir ciddi sənət də göstərmək lazımdır? Nanay-ninayla hara qədər soyunmaq olar? Adam Xumar Qədimovanı qapalı təsəvvür edəndə ağlına mahnı gəlmir. Ancaq nisbətən açıq-saçıq görəndə yenə bir-iki musiqi səslənir qulağında. Yaxşı ki, Xumar xanım hicab taxmır. Vallah, üzünə baxan olmazdı.
Ola bilsin, Xumar Qədimova Azərbaycan musiqisi üçün bir zamanlar maraqlı olub. Ancaq ona indi qətiyyən marağ, istək yoxdur. Artıq səhnə də onluq deyil. Elə müğənnilər var, onlar səhnəni idarə edir. Xumar Qədimova isə səhnəyə yalvarır.
Xumar Qədimovanın əsas problemi odur ki, oxuya bilmir. Yəni bu “zövq məsələsidir” söhbəti deyil. Texniki olaraq oxuya bilmir. Səs sabit deyil, notu tutmur, nəfəs idarəsi yoxdur, fraza qurmağı bacarmır. Bir növ, mahnı ilə dava edir Xumar xanım. Mahnı qaçır, o da arxasınca qaçır, amma heç vaxt çatmır.
Obrazlı desək, onun oxumağı musiqi yox, ah-nalə performansıdır.
Onun oxuduğu mahnılardakı yanğı daxildən yox, boğazdan gəlir. Buna görə də yanıqlı səsi toxunur adama.
Ən maraqlısı budur ki, bu texniki çatışmazlıqların üstünü seksual intonasiya ilə örtməyə çalışır. Guya səsi bir az pıçıltıya salanda, bir az “ahh” qatanda, bir az göz süzdürəndə musiqi yaranacaq.
Üstəlik, Xumar Qədimova artıq bunu sənət strategiyası zənn edir. Yəni düşünür ki, “oxuya bilmirəmsə, yanğı qatım, poza verim, kamera ilə danışım”. Amma kamera səni xilas etmir, mikrofon səni ifşa edir. Çünki səhnədə hər şey səsə tabedir. Səs yoxdursa, qalan hər şey dekorasiyadır.
Xülasə, müğənninin açıq-saçıq olması problem deyil.
Ancaq ən birinci, gərək adamın səsi açıq olsun.
Orxan Saffari
Gununsesi.info





