Övladı məktəbə gedən valideynlər çıxılmaz durumda - MƏKTƏB LƏVAZİMATLARI DA "OD-TUTUB"

  • By admin
  • 23 Avqust 2022 14:03

2022-2023-cü il tədris ilinin başlamasına az vaxt qalır.

Artıq övladları məktəbə gedən valideynlər  onlar üçün məktəb ləvazimatları almağa başlayıblar.

Ancaq ötən illə müqayisədə valideynlər bazarda əsl “sürprizin” şahidi olub.

Gununsesi.info-nun araşdırmasına görə, məktəb ləvazimatlarının satışı ilə məşğul olan mağazalarda qiymətlər ötən illə müqayisədə ciddi şəkildə bahalaşıb.

Saytımıza danışan valideynlər bildirib ki, ölkədə ərzağın qiymətinin bahlaşamasını nəzərə alanda məktəb ləvazimatlarında da artımı gözlıəyiblər.

“Amma bu qədər “əl yandıran” artım gözləmirdik” deyən valideynlər çıxılmaz durumda qaldıqlarını bildirib.

Araşdırmalar zamanı məlum olub ki, satış məntəqələrində ötən il 48-vərəqli dəftərin qiyməti 60-70 qəpik idisə, bu il həmin dəftər 1 manata təklif edilir. Rəngli kağızın qiyməti ötən il 0.9-1 manat idi, bu il 1.5 manata yüksəlib. Keçən il 1.3 manata satılan 24-vərəqli albomun qiyməti isə hazırda 1.7 manatdır.

Satıcılar əlavə edir ki, ötən il 20-30 qəpiyə olan qələmlər bu il 35-40 qəpiyə satılır, pozanların, sadə karandaşların qiyməti isə bu il 60 qəpikdən başlayıb 2-3 manata qədər yüksəlir: “6-dənəli plastilinin qiyməti ötən il 1.2 manat idisə, bu il həmin məhsul 2.5-2.8 manata satılır. 12-dənəli rəngli karandaş ötən il 3.5 manata satılırdısa, bu il qiyməti 5 manat civarındadır. Məktəbli çantalarının qiyməti isə bu il 30-40 manatdan başlayır”.

 

Afət Abbasova

Gununsesi.info