Ordudan yazan jurnalisti 500 manat cərimələdilər

“Dekabrın 18-də son yazılarla bağlı Baş Prokurorluğa dəvət edildim. İzahatımı aldılar, daha sonra söhbət etdik. Orada da bildirdim ki, orduda baş verənlərlə bağlı yazdıqlarım uzun müddətli araşdırmanın nəticəsidir. Ardından məhkəməyə aparıldım. İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə ittiham edildim və hakim məni təqsirli bilərək 500 manat cərimə etdi”.

Gununsesi.info xəbər verir ki, bunları hərbi jurnalist Səxavət Məmməd sosial şəbəkədəki hesabında yazıb.

O, qeyd edib ki, Baş Prokurorluqda təzyiqlə üzləşməyib, hörmətlə davranıblar. “Məhkəmədə hakim vəkil istəyib-istəmədiyimi soruşdu, o vaxt kimisə narahat etmək istəmədim, özüm özümü müdafiə etdim. Hakim yazıda rüşvətə toxunmağımla bağlı suallar verdi. Faktiki olaraq yazıda kimin kimə rüşvət verməsini yazmamışdım”, – jurnalist qeyd edib.

Hüquqşünas Ələsgər Məmmədli jurnalistin prokurorluğa çağrılması, ardınca məhkəmədə cərimə olunmasını ifadə azadlığına qarşı təzyiq kimi qiymətləndirib.

Ə.Məmmədli “Facebook” səhifəsində yazıb:

“Bu, ifadə azadlığını zorlamaqdır”.

“”Media haqqında” yeni qanun layihəsini tərifləyənlər, nəzərə alın ki, 388-ci maddə təriflədiyiniz layihənin 15-ci maddəsinə məhz jurnalistləri cəzalandırmaq üçün “bəh-bəhlə” yerləşdirilib. (15.1.7. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsində nəzərdə tutulmuş sui-istifadə hallarına). Layihə qəbul olunmadan prokurorluq artıq bunu əlində bayraq edib, heç bir məhkəmə araşdırması aparmadan, jurnalisti cəzalandırmaq üçün məhkəməyə zəruri “göstərişini” verib. Dərhal da yazının analizi aparılmadan, onun hansı hüquqa zidd olduğu, hansı sirri yaydığı müəyyən olunmadan jurnalist cəzalandırılıb”, – deyə hüquqşünas fikrini tamamlayıb.

Günay
Gununsesi.info