Ömrümün ən gözəl anı -Nigar Mahmudova yazır..

O an hər şey dayandı. Kimsə mənə mane olmadı. Sanki bir vakuum yarandı. Ətrafda sanki heç nə və heç kim yox idi. Mən, Kəbə və Allah vardı yalnız. Ömrümün ən gözəl anı idi. Və bir də təkrarı olmayacaq.

Cümə günü idi. Cümə namazından sonra orada nə qədər insan olduğunu təxmin etmək çətin deyil. Ən çətin vaxtda və günün başımıza döydüyü bir saatda təkbaşına getdim Kəbəyə əl vurmağa.

İlk dövrədə Kəbəyə yaxınlaşdım. Amma ilk 3-4 sıra keçilməz idi. 20-30 yaşlarında bir gənc oğlan mənə kömək etmək qərarına gəldi. Haradan olduğunu soruşdum, dedi, pakistanlıyam. Amma onlar qarabuğdayı olurlar, bu, ağappaq, nurlu, yumru qəşəng üzü olan oğlan idi. Qolumdan tutub dartmağa başladı. Artıq 2-ci sırada idim. Önümdə 2 oğlan vardı, getmək bilmirdi. Nəhayət o oğlan çıxanda pakistanlı gənc itələyərək kömək elədi ki, məni sıradan atmasın.

Bir də gördüm, bir Kəbədir, bir mən və Kəbəyə sadəcə əlimi qoymuram. 2 əlimi və alnımı qoydum Kəbəyə. Sanki qucaqlaşdım Allahın evi ilə. O anda hər şey dayandı. Mənə heç kim mane olmadı. Bir vakuum yarandı sanki. Bir Kəbə var idi, bir mən, bir Allah.
“Mən gəldim, Allah, buradayam”, – dedim. “Gəlmişəm, Sənə gəlmişəm, Sənin evinə gəlmişəm. Sən çağırdın, mən gəldim”, – dedim və başladım hönkürüb ağlamağa. Cəmi 30-40 saniyə dayandım. Başqalarına da yer vermək üçün çox dayanmadım. Çox dua eləmədim. Bəlkə 1 ya 2. Eləcə hönkürdüm, ağladım.

Düzü, əvvəlki gün təvaf edərkən, hətta Kəbəni ilk gördüyümdə o qarmaqarışıqlıqda Allahla o bağı istədiyim kimi qura bilməmişdim. İstədiyim kimi dərindən yaşaya bilməmişdim o anları.
Məhz Kəbəyə toxunanda, daha doğrusu onunla qucaqlaşanda o möcüzə gerçəkləşdi. Və mən belə hiss edirəm ki, orada çox dua etməsəm belə, o ağlamağım özü dua idi.
Bu, mübaliğəsiz, heç şübhəsiz həyatımın ən gözəl anı idi. Bir daha da təkrarı olmayacaq.

Təkrar görüşmək ümidi ilə, Beytullah 🕋

 

@gununsesi.info

Məşhur aparıcı Məkkədə belə ağladı

♬ orijinal səs – Gununsesi.info

Gununsesi.info