Nikol Paşinyanın Moskva mesajı: 9 May paradından imtinanın arxasındakı səbəblər

Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 9-da Rusiyada keçiriləcək Qələbə paradında iştirakdan imtina etməsi təkcə seçki kampaniyası ilə bağlı deyil.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.

Onun fikrincə, qərarın arxasında daha dərin siyasi və geosiyasi səbəblər dayanır.

Şərhçi bildirir ki, əsas səbəblərdən biri İrəvanın Moskva ilə münasibətlərdə siyasi məsafəni artırmaq siyasətidir.

Xüsusilə Qarabağ münaqişəsindən sonra yaranmış yeni reallıq fonunda Ermənistan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və ümumilikdə Rusiyanın təhlükəsizlik çətirinə etimadı azaltmağa çalışır.

Turan Rzayevin sözlərinə görə, Ermənistan cəmiyyətində də Rusiya ilə münasibətlərə dair parçalanma mövcuddur.

Paşinyanın parad iştirakından imtinası daha çox Qərbyönlü elektorata mesaj kimi qiymətləndirilir və ölkənin xarici siyasətdə balanslı, çoxvektorlu xəttə keçidini göstərir.

Şərhçi əlavə edir ki, son illər Ermənistan-Rusiya münasibətlərində artan etimadsızlıq, təhlükəsizlik zəmanətləri və regional proseslərlə bağlı narazılıqlar da bu qərarda mühüm rol oynayıb.

Onun qənaətincə, Ermənistan hazırda həm Avropa İttifaqı, həm də ABŞ ilə əlaqələri genişləndirərək daha çoxvektorlu xarici siyasət modelinə keçməyə çalışır.

Orxan