Nazir Yevlaxda məktəblini döyən polisi işdən çıxardı -FOTO

Bu ilin sentyabrında Yevlaxda məktəblini döyən polis barəsində araşdırma yekunlaşıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, 2013-cü il təvəllüdlü Tunar Kamranlının Vüsal Hüseynov tərəfindən döyülməsi ilə bağlı müraciət üzrə Yevlax rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı hadisə yerinə baxış keçirilib, video-müşahidə kameralarından görüntülər əldə edilib, Tunar Kamranlı və digər şəxslərin izahatları alınıb, məhkəmə tibbi ekspertizası təyin edilərək rəyi əldə olunub.

HTML tutorial

Baş Prokurorluğun təqdimatı əsasında Daxili İşlər nazirinin müvafiq əmri ilə Vüsal Hüseynov tutduğu vəzifədən azad edilib. Həmçinin, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsinə əsasən inzibati icraat açılaraq toplanmış materialar baxılması üçün aidiyyəti üzrə Yevlax rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Yevlaxda 1 nömrəli orta məktəbdə çalışan müəllimlərin qarşısında 4-cü sinif şagirdi sinif yoldaşının alnından xəsarət yetirib. Bundan xəbər tutan şagirdin valideyni, Yevlax RPŞ-nin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov məktəbə gələrək övladına zərər vuran 2013-cü il təvəllüdlü azyaşlını döymüşdü.


Gununsesi.info