Natiq Cəfərli: “1,5 milyon insanın yaşadığı evlər rəsmiləşdirilməlidir”

İqtisadçı və siyasətçi Natiq Cəfərli Azərbaycanda uzun illər ərzində formalaşan şəhərsalma və əmlak problemləri ilə bağlı sərt fikirlər səsləndirib.

Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, dünyada eyni hökumətin onillərlə hakimiyyətdə olduğu və əvvəl sökdüyü tramvay xətlərini 25 il sonra yenidən bərpa etməyə çalışdığı nümunələr çox azdır.

Natiq Cəfərli qanunsuz tikililər məsələsinə də toxunaraq qeyd edib ki, 30 il ərzində ölkədə 500-600 minə yaxın qanunsuz tikili inşa olunub və həmin evlərdə təxminən 1,5 milyon insan yaşayır.

Onun sözlərinə görə, dövlət qurumları illərdir həmin evlərə su, qaz və elektrik xidmətləri təqdim edir və bununla da dolayısı ilə vətəndaşların həmin mənzillərdə yaşamasını qəbul etmiş olur.

İqtisadçı hesab edir ki, əmlak amnistiyası tətbiq edilməli, bu günə qədər tikilmiş evlər rəsmiləşdirilməli, təhlükəli ərazilərdə yerləşən tikililər isə kompensasiya ödənilməklə sökülməlidir.

“Amnistiyanın məğzi elə budur ki, indiyə qədər olanlar hüquqi müstəviyə keçirilir, bundan sonra isə elə sərt mexanizmlər qurulur ki, qanunsuz tikinti mümkün olmasın”, – deyə o vurğulayıb.

Natiq Cəfərli əlavə edib ki, dövlətin əsas vəzifələrindən biri vətəndaşların mənzil hüququnun təmin edilməsidir və insanlar uzun illər bu problemi öz imkanları hesabına həll etməyə çalışıblar.

Elmar

Gununsesi.info