Gecə qatarı, yarımçıq yuxu: Bakı–Tbilisi marşrutunun görünməyən tərəfi

Bakı-Tbilisi arasında illər sonra yenidən fəaliyyətə başlayan sərnişin qatarı bir çoxları üçün sevindirici xəbər olsa da, bu marşrutun əsas problemi hələ də dəyişməz qalır. Yəni sərhəd keçidi.

“Gecə qatarı” kimi təqdim olunan bu səfər ilk baxışda rahat və praktik görünür: axşam Bakıdan çıxırsan, səhər Tbilisidə olursan. Amma reallıqda sərnişinləri gecənin ən yorucu məqamı gözləyir.

Məsələn, qatar Bakıdan gecə saat 23:00-da çıxır. İnsan vaqona yerləşənə, yataq dəstini alana, çantasını qaydaya salana, bir az da yol yoldaşları ilə salam-kəlam edəndə saat artıq 00:00 olur. Yəni normal yatmağa başladığın an gecənin yarısıdır. Elə bu məqamdan sonra “rahat gecə qatarı” anlayışı yavaş-yavaş mənasını itirməyə başlayır.

Çünki səhər saat 05:00-da qatar sərhədə çatır. Bu isə o deməkdir ki, məcburən oyanmalısan. Üst-başını geyinməlisən, sənədlərini hazırlamalısan. Çünki əvvəl Azərbaycan tərəfinin sərhəd və gömrük yoxlaması başlayır. Təxminən bir saat vaqon-vaqon gəzib pasport yoxlanışı aparırlar. Ardınca Gürcüstan tərəfi gəlir və eyni proses yenidən təkrarlanır. Yenə bir saat. Bu iki saat ərzində nə rahat yatmaq mümkündür, nə də insan özünü normal sərnişin kimi hiss edir. Daim işıq yanır, qapılar açılıb-bağlanır, sənəd göstərilir, suallar verilir. Yəni gecə qatarının əsas üstünlüyü sayılan “yatıb yol getmək” hissəsi məhz sərhəddə dağılır.

Sərhədi keçəndən sonra da vəziyyət dəyişmir. Qatarın Tbilisiyə çatmasına təxminən bir saat yarım qalır. Amma artıq səhər açılıb, yuxun dağılıb, vaqonda hərəkət başlayıb. O saatdan sonra yenidən uzanıb yatmaq da mənasız görünür. Nəticədə insan anlayır ki, gecə qatarında yol getsə də, əslində, normal yuxu ala bilməyib.

Ən maraqlısı isə budur ki, ümumi məsafə cəmi 600 kilometr civarındadır. Amma bu yol təxminən 9 saat yarıma gedilir. Bunun təxminən 2 saatı sərhəddə itir. Qalan hissədə isə qatarın sürəti öz sözünü deyir: Azərbaycanda orta hesabla 100 km/saat, Gürcüstanda isə bəzi hissələrdə 50 km/saat civarında.

Müqayisə üçün Avropaya baxmaq kifayətdir. Orada təxminən eyni məsafəni sürət qatarları 2,5–3,5 saata gedir. İnsan nə gecə yatmağa məcbur qalır, nə sərhəddə saatlarla gözləyir. Minirsən, oturursan, internetdən istifadə edirsən, qəhvə içirsən və bir neçə saat sonra başqa şəhərdəsən.

Üstəlik, qiymətlər də bizim elan olunan tariflərdən çox fərqlənmir. Təxminən 40–50 avro.

Bütün bunlara baxmayaraq, Bakı–Tbilisi qatarının yenidən fəaliyyətə başlaması yenə də vacib hadisədir. Çünki heç olmamağından yaxşıdır.

Qeyd edək ki, Bakı–Tbilisi qatarınnın qiyməti 81 manat olacaq.

Marşrut üzrə ümumi səyahət tarifləri belədir;

1-Bakı–Tbilisi: 81 AZN-dən

2-Yevlax–Tbilisi: 67 AZN-dən

3-Gəncə–Tbilisi: 62 AZN-dən

4-Ağstafa–Tbilisi: 57 AZN-dən

5-Böyük Kəsik–Qardabani: 51 AZN-dən başlayır.

 

Elmar

Gununsesi.info