
“Ötən 30 ildə dünyada və Azərbaycanda hər şey dəyişib. Yeni siyasi texnologiyalar ölkənin siyasi həyatında da özünü göstərib. Təəssüf ki, bu dəyişiklikləri qəbul etməyən, keçmişdə qalanlar və o dövrün siyasi reallıqları ilə yaşayanlar hələ də var. Belələrindən biri də Nemət Pənahlıdır”.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev MDP sədri Nemət Pənahlının son çıxışlarına münasibətində deyib.
Deputatın sözlərinə görə, Nemət Pənahlı hələ də 30 il bundan öncəki dövrün mövzularını gündəmə gətirmək və həmin dövürdə etdiyi “qəhrəmanlıqlarını” xatırlatmaqla bu gün də söz sahibi olduğunu sübut etmək istəyir:
“Ancaq o, düşünmür ki, indiki Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil.
Başqa insan olsa, bəlkə də özü maraqlı olardı ki, 30 il əvvəl etdikləri unudulsun. Çünki, xalqımızın başına gətirilən faciələrdə Nemət Pənahlı və onun kimilərinin xüsusi rolu danılmazdır. Bu adam hər zaman avantürüst olub. İnsanları qarşıdurmalara sürükləməkdə peşəkar olub.
Ancaq indi o dövr deyil. Azərbaycan cəmiyyəti kifayyət qədər gözüaçıqdır. Hadisələri görüb, onun nəticələrini təhlil edə bilir. Ona görə də onu heç kəs ciddiyə almır”.
Naqif Həmzəyevin sözlərinə görə, Nemətli Pənahlı vaxtilə ilə təmsil olunduğu siyasi birliklərdə də qarşıdurmalar yaratmaqla yadda qalıb: “O, yenidən özünü siyasətçi kimi göstərmək niyyəti ilə bir sıra populist çıxışlar edir. Amma onun bu fikirlərini vaxtilə onunla birlikdə addımlayan insanlar da ciddi qəbul etmir. Hesab edirəm ki, bu gün Nemət Pənahlı və onun kimilərin Azərbaycan siyasi həyatında heç bir yeri yoxdur. Onun kimi qeyri-ciddi insanların əhalini çaşdırmaq niyyəti baş tutası deyil”.
Elmar Elnuroğlu
Gununsesi.info