
Bu gündən 2023-2024-cü tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.
Elm və Təhsil Nazirliyindən (ETN) Gununsesi.info-ya verilən məlumata görə, elektron sənəd qəbulu mərhələsi 22-30 may tarixlərini əhatə edəcək.
Müsabiqədə iştirak etmək istəyən namizədlər 22 may saat 11:00-dan etibarən 30 may saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Müsabiqənin vakansiya seçimi mərhələsində ilk növbədə şəhid ailəsinin üzvləri iştirak edəcəklər. Eyni zamanda, müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05 artım əmsalı, 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq.
Qeyd edək ki, müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərini əhatə edəcək.