Maliyyə yardımı göstərilən ay üzrə qəzetin yalnız fiziki şəxslərdən ibarət hər əlavə 500 və 1000 abunəsi üçün müvafiq məbləğdə aylıq bonusun verilməsi nəzərdə tutulur. Bu halda həmin abunə müqavilələrinin surətləri Agentliyə təqdim edilir.
Müsabiqəyə müraciət qəbulu 16 iyun 2022-ci il saat 18:00-dək davam edəcək.
Onlayn media subyektlərinə gəlincə, müsabiqəyə ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) müraciət edə bilərlər.
Müsabiqədə iştirak üçün veb-saytın google analytics hesabına yazılı giriş icazəsi təqdim edilməli və “metrix” veb-təhlil alətinin skripti veb-saytın mənbə kodunda yerləşdirmiş olmalıdır. Müsabiqəyə müraciət tələb olunan sənədlərin “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”na daxil edilməsi yolu ilə edilir.
Qiymətləndirmə əsas ümumi domen üzərindən və onlayn media subyektinin (veb-saytın) Müsabiqəyə müraciət etdiyi günədək son 3 (üç) aylıq dövr ərzində hər ay üzrə ən yuxarı göstəricili 2 (iki) məqaləsi, həmçinin veb-saytın dizaynı üzrə aparılır. Ən yuxarı göstəricili 2 (iki) məqalənin, həmçinin veb-saytın dizaynının qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 müstəqil ekspert tərəfindən həyata keçirilir.
Agentlik tərəfindən maliyyələşdirilən onlayn media subyektlərinin (veb-saytların) hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir. Maliyyə yardımı göstərilən dövr ərzində onlayn media subyektinin (veb-saytın) müvafiq sayda işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə veb-saytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir.
Gununsesi.info