Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov onunla bağlı çıxarılan boşanma və əmlakın qaytarılmasına dair məhkəmə qərarlarından narazı qalıb və Ali Məhkəməyə şikayət verib.
Gununsesi.info xəbər verir ki,M.Pənahovun həyat yoldaşı Həlimə Ələsgərova həm aralarındakı nikaha xitam verilməsi, həm də zinət əşyaları, cehizi, paltarları və s. əmlakının qaytarılması tələbiylə məhkəmədə iddia qaldırmışdı.
Cütlük 2022-ci ilin iyulunda evlənib. İki il sonra qadın boşanma üçün məhkəməyə üz tutub. H.Ələsgərova bildirib ki, evləndikləri ilk vaxtlardan Məhəmməd onu döyüb, ancaq ailəsinin dağılmaması üçün uzun müddət dözüb. Onlar 2023-cü ilin oktyabrında Amerikaya – Kaliforniya ştatının Los-Anceles şəhərinə yaşamağa gediblər.
H.Ələsgərova ötən ilin yanvarında Bakıya gəlib, təxminən iki ay burada qalandan sonra, martın sonunda həyat yoldaşının yanına qayıdıb. Onun sözlərinə görə, Amerikada təxminən iki ay M.Pənahovla birlikdə yaşayandan sonra onun işgəncələrinə dözə bilməyib: “Növbəti işgəncədən sonra – mayın 27-də, Məhəmməd yatdığı vaxt gizli şəkildə pasportumu və bank kartımı götürüb Bakıya qaçdım”.













