
Fransanın AFP xəbər agentliyi İsrailin Qəzza zolağına təcavüzünü işıqlandırarkən “kifayət qədər İsrail tərəfdarı” olmadığı üçün ictimai və siyasi təzyiqlərə məruz qalır.
Gununsesi.info xəbər verir ki, yerli mətbuatın məlumatına görə, AFP-nin sədri və baş direktoru Fabrice Fries xəbər agentliyinin “kifayət qədər İsrail tərəfdarı” elan edilən yayım siyasəti ilə bağlı dinləmələr üçün Fransa Senatına çağırılıb.
Fries çıxışında agentliyin Fələstin hərəkatını birbaşa “terrorçu” adlandırmaq əvəzinə “Həmas Aİ, ABŞ və İsrail tərəfindən terror təşkilatı elan edilib” ifadəsini işlədərək “antisemitizmi qızışdırmaqda” günahlandırıldığını bildirib.
AFP rəhbəri bu cür ittihamları “ciddi və böhtan” adlandırıb. Onun sözlərinə görə, agentliyin İsrailin Qəzza zolağına hücumlarını müstəqil şəkildə işıqlandırması qərəzli sayıla bilməz.
“Le Monde”a verdiyi müsahibədə Fries AFP-ni “Fransa-Fələstin agentliyi” kimi göstərmək cəhdlərini rədd edib. O qeyd edib ki, AFP ictimaiyyətə deyil, mediaya və onun abunəçilərinə xidmət edən strukturdur.
Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin son alovlanmasından bəri agentlik xəbərlərində “anti-semit, yəhudi, islamçı” kimi ifadələrdən istifadə etməkdən yayınıb. Bu baxımdan Milli Assambleyada və Fransa Senatında sağçılar və “respublikaçılar” tərəfindən kəskin tənqidlərə məruz qalır.
Fransa parlamentinin aşağı palatasının ifrat sağçı üzvləri dəfələrlə hökumətdən AFP-nin Qəzza zolağında baş verən hadisələri “kifayət qədər İsrail tərəfdarı” işıqlandırmasına görə məsuliyyətə cəlb etməyi tələb ediblər.
Solçu “İtaətsizlik Fransa” partiyasının lideri Jan-Lyuk Melenşon AFP-ni müdafiə edərək danışıb. Siyasətçi agentliyin HƏMAS-ı “terror təşkilatı” adlandırmaq istəməməsinə haqq qazandırıb.
Gununsesi.info