Məşhur daşıma şirkətinin prezidentindən İlham Əliyevə MÜRACİƏT

Sərfəli, sürətli və peşəkar çatdırılma xidməti olan Mover.az şirkətinin prezidenti cənab İlham Əliyevə açıq müraciət ünvanlayıb.

Gununsesi.info həmin mürəciəti təqdim edir:

“Cənab prezident, 2015-ci ildə qurduğum Mover.az layihəsi ilə xarici elektron ticarət saytlarından Azərbaycana çatdırılma xidmətini qurmuşam. 2018-ci ilə qədər yeni bazar yaradıb 300-dən çox yeni şirkətin 10000-dən çox insanın iş ilə təmin olunmasına, milyonlarla insanın qənaət edərək xaricdən alış veriş etməsinə, əlaqəli olaraq minlərlə elektron ticarət üzərindən yeni gəlir modeli yaradan şirkətlər üçün fürsət yaratmışam.

2018-ci ildə şirkət böyümə dövrünə başladıqda fərqli fərqli məmurlar bazara daxil olaraq bütün mümkün variantlar ilə şirkətin nüfuzuna təsir etməyə başladılar.Haqqsız yerə korrupsiya ilə ləkələməyə çalışdılar,məhkəmədə tam formada bəraət aldıq. Bundan sonra isə davamlı olaraq yüklərimiz əsassız səbəblərdən gömrük orqanları tərəfindən saxlanılmağa,suni maneələr yaradılmağa başlandı. 2020-ci il artıq şirkətin bazar payını bu mudaxilələr ilə 10%-qədər endirməyi bacarmışdılar. Sonraki dövrlər ərzində mən kredit və borclar ilə şirkəti ayaqda saxlamağa çalışsamda əsassız olaraq yükləri gecikdirərək əlavə yol xərcləri və cərimə ödənişləri yaradaraq şirkəti müflisləşmə vəziyyətinə gətirməyə çalışdılar.

2022-ci ilin sonları Trendyol şirkətinin Azərbaycana daxil olmasından öncə dövlət qurumları və media üzərindən kampaniyalar başlatdılar, insanları şirkətə qarşı təlaşlandırıb panika yaratmağa başladılar. 2023-ci ilin may ayına qədər proses davam etdi. Şirkət iyun ayının 1-dən infrastruktur xərclərini qarşılaya bilmədiyi üçün məcburi dayandı.

Mover daşıma və texnologiya şirkətidir, infrastruktur layihələrinə milyonlarla pul xərclənilib və saxlanma xərcləridə kifayət qədər böyük olduğu üçün təəsüff ki, maliyyə vəziyyətimiz davamlılığı təmin etməyə imkan vermədi

Şirkət 3 aya yaxındır rəsmi olaraq olmasa da faktiki olaraq fəaliyyətini dayandırıb, dövlət qurumları və media isə sistem dayandıqdan sonra bütün kampaniyalarını dayandırmış,heç bir şey olmamış kimi şirkəti və müştərilərini qarşı qarşıya qoymuşdur.

Cənab Prezident, mən bu işə illərimi, əməyimi, qazandığım bütün pulu reklamlara və infrasktur layihələrinə xərcləmişəm. Kənar müdaxilələr olmasa idi şirkəti daha yüksək yerlərə gətirib çıxaracağıma əmin idim. Gördüyüm işi texnologiyanın köməyi ilə avtomatlaşdırıb, digər sahələrdə infrastruktur qurmağa başladım, ancaq imkan vermədilər. Eyni gömrükləri keçən, eyni təyyarələrdə, eyni sənədlər ilə yük daşıyan şirkətlərin bəziləri gömrük tərəfindən saxlanılıb digərləri sürətli rəsmiləşdirmə edə bilirdilər. Mən bu günə qədər istər dövlət qurumları istər əməkdaşlarımızla tam şəffaf rəsmi formada işləmişəm.

Hazırda isə şirkət həm əməkdaşlarına, həm əməkdaşlıq etdiyi partnyorlara, həmdə müştəriləri qarşısında çıxılmaz vəziyyətdə qalmışıq.

Bu prosesdə əlbəttə ki, biznes təcrübəsizliyimdən mənimdə səhvlərim olub, ancaq 8 illik bazar yaradan beynəlxalq şirkətlər ilə peşəkar əməkdaşlıq edən şirkətin 6 ay içində var olmamış formaya gətirilməsini qəbul edə bilmirəm.

Mən ölkəmə,dövlətimə millətimə bağlıyam, öz ölkəmdə öz millətim üçün qurub yaratmaq istəyirəm, ölkəmizdə bu kimi innovativ layihələr edib, yerli şirkət olaraq xarici bazarlarda bu sahədə yüksək nəaliyyətlər qazana bilərəm, bunun üçün ilk olaraq dövlət proqramları vasitəsi ilə dəstək olunmasını xahiş edirəm

Çıxışlarınızda bu kimi hallar yaşandıqda sizə məlumat verilməsini bildirdiyiniz üçün biganə qalmayacağınıza əminəm.

Dövr ərzində etdiklərim və etməyə çalışdıqlarım

2018-ci ildən Beynəlxalq Hava Yolları Asosiyasıyasının 6-cı və 9-cu kateqoriya təhlükəli,radiokativ və bioloji yüklər üzrə ölkədə yeganə üzvü olmuşuq.
Təhlükəli yüklərin emalı,qablaşdırılması və daşınması sahəsində fərqli beynəlxalq şirkətlər ilə ekskluziv partnyorluq/distrubotorluq müqaviləsi imzalamışıq. Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və bir çox dövlət və özəl qurumların humanitar və xususi yüklərini daşımışıq Beynəlxalq ödəmə sistemləri Visa və Mastercard ilə birbaşa müqavilə bağlayıb Co-Brand kartlar (moverkart) layihəsi edərək Türkiyədə ödəmə sistemlərinin yerli kartları qəbul etməsinə şərait yaratmışıq. Visa şirkətinin də dəstəyi ilə vətəndaşlara müxtəlif kampaniyalar ilə yüz minlərlə manat dəyərində pulsuz daşıma xidməti göstərmişik
Bazar yaratmaq üçün milyonlarla manat dəyərində ölçülən reklam kampaniyaları etmişik

Dünyanın öndə gedən şirkətləri ilə partnyorluq edib ölkədə infrastruktur qurmağa çalışmışıq.
Ölkənin 10-dan çox bölgəsində ofislərimizdə, 50-ə yaxın bölgəsində məntəqələrlə əməkdaşlıq edərək rayonlarda xidməti əlçatan etmişik
Ümumilikdə 500 nəfərə yaxın rəsmi əməkdaşımız olub. Poçt göndərişləri vasitəsi ilə ixrac stimullaşdırmaq üçün müqavilə imzalayıb daşıma qiymətlərini münasib səviyyələrə gətirib uğurlu göndərişlər etmişik, ixrac prosedurlarının sadələşdirilməməsi səbəbindən layihəni dayandırmışıq.

Öz resurslarımız ilə maneələrə baxmayaraq ölkə daxili kuryer xidmətini yaratmağa cəhd etmişik, Mover Bikey layihəsini etməyə çalışmışıq, imkan və vaxt çatmayıb”.

Gununsesi.info