Mənsimov fenomeni - Onu niyə sevir və niyə qınayırlar?

  • By admin
  • 08 May 2022 15:29

 

Sosial şəbəkələr cəmiyyətin güzgüsüdür. Təssüf ki, o güzgüdən Azərbaycan cəmiyyəti heç də yaxşı görünmür.
Üzücü mənfiliyi sadalamağa ehtiyac yoxdur, amma tendensiyaya çevrilən bəzi ictimai reaksiyalardan bəhs etməyə dəyər.

Məsələn, ortaya çıxan bir qalmaqalın səbəbini araşdırmadan linc eləmək kampaniyalarında insan faktoru, ictimai dəyərlər, hətta qanunlar ayaqaltı edilir. Küçə söyüşləri, təhqirlər havada uçuşur, nəticədə ürəkbulandıran mənzərə yaranır. Bu eybəcərliyin, nifrətin, qəddarlığın səbəbi çox dərindir və yaxın zamanların işi deyil. İllərlə qalaqlanan problemlərin, realizə olunmayan potensialların, siyasi düşmənçiliyin, ən əsası cəmiyyətin siyasi inkişafdan qalmasının nəticəsidir.
Ən pisi odur ki, ölkənin fundamental problemləri, onun doğuran səbəblərlə bağlı geniş müzakirələri görmürük. Milyardlıq korrupsiya qalmaqalları, məmur cinayətləri, konstitusiyanın, qanunların tapdalanması sosial şəbəkə zümrəsinin (kiçik qruplar istisna olmaqla) vecinə deyil. Elə ki, hansısa deputat, məktəb direktoru, arxasız bir məmur, iş adamı ağızından ehtiyatsız bir ifadə çıxardı, qaraguruh  dərhal tökülüşür, saytlar yazır, təhqirin, söyüşün biri “bir qəpik” olur.
Sonuncu trendlərdən biri “Palmali” Holdiqin rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovun müsahibəsinə verilən reaksiyalardır. Burada nə görürük: iş adamını təqdir edənləri, onun hər kəlməsinin başına ip salıb hara gəldi sürüyənləri, təhqir yağdıranları, sifarişli qarayaxma kampaniyası aparanları…Əlbəttə, Mənsimovu təqdir edən, sevən böyük bir ordu da var, çox təəssüf ki, onlar da bu kampaniyaların hədəfinə, iştirkaçısına çevrilir.
Mənismov kimdir? 90-cı illərin əvvəlində – SSRİ-dağıldığı ərəfədə özünə biznes quran, sonra onu böyüdüb milyonlarla dövriyyəsi olan Holdinqə çevirən iş adamıdır. Daha sonra biznesini qardaş Türkiyəyə gətirib və burada dəniz daşımalarında dünya səviyyəli şirkətə çevirib. Həmin dövrdə Rusiyada daha bir neçə fərasətli azərbaycanlı neft-qaz, daşınmaz, əmlak, qida sektorunda böyük şirkətlərə sahib oldular. Amma onlardan heç biri Azərbaycanda Mübariz Mənsimov qədər populyar deyil, çünki oliqarxları milliyətindən, bir də bəzi layihələrindən başqa Azərbaycana heç nə bağlamır. “Forbes” siyahılarında onlar Rusiya milyarderləri kimi təqdim olunur və bu təqdimat gerçəkiliyi əks etdirir.
Mübariz Mənsimov isə Azərbaycana bağlı adamdır. Onun ölkəsindəki sərmayələrini, həmyerlilərinə verdiyi maddi, mənəvi dəstəyi xatırlamaq kifayətdir. Elə “Palmalı” Holdiqnin yatırımlarının başına hansı işlərin gətirilməsini də xatırlamaqda fayda var. Çünki Azərbaycanda yazılmamış qanunlara görə, öz bacarığı ilə, heç kimdən asılı olmadan böyük pullar qazanmaq, onun bir hissəsini xeyriyyəçiliyə sərf etmək qadağandır. Bir çox nümunələr gətirmək olar ki, belə fəaliyyətdə olan iş adamları sonradan hansı aqibətlə üzləşiblər…
Mənsimovun xeyriyyəçilik fəaliyyətini azərbaycanlı tələbələri burslar vermək, şirkətlərdə işə götürmək, xəstələrin müalicəsini, əməliyyatını həyata keçirmək və s. geniş spketri əhatə edir.
44 günlük müharibədən sonra Azərbaycanın şəhid qəhrəmanlarının adının gəmilərə verməklə əbədləşdirməsi, onların ailə üzvlərinin Türkiyədə düzənlənən törənlərə dəvət edilməsi cəmiyyətdə böyük rəğbətlə qarşılanıb.

Sosial şəbəkələrdə paylaşılan videolara çoxminlik baxış sayları, layklar, şərhlər bu rəğbətin bariz ifadəsidir.
Mübariz Mənsimov iş adamı olmaqla bərabər ictimai xadimdir, o biznes gəlirlərinin bir hissəsini, zamanını faydalı ictimai layihələrə sərf etməklə bu statusu qazanıb. Ondan qat-qat imkanlı iş adamları ictimaiyyət arasında görünməyi sevməzlər, gəlir gətirməyən layihələrə pul xərcləməzlər, çünki bu insanın şəxsi keyifiyyətlərinə bağlı məsələdir. İnsan xeyirxahqlıqdan, yardımlaşmadan, paylaşmadan zövq alırsa, pulunu-parasını, zamanını ürəklə xərcləyir. Mənsimov da ictimai fəaliyyətdən zövq alır, bəlkə illərlə əmək verdiyi layihələr özünü doğruldanda belə bu mənəvi rahatlığı onlardan duya bilmir.
Nəhayət, ən böyük sual: Mübariz Mənsimov siyasətlə məşğul olmaq istəyirmi, siyasi iddiaları varmı? İctimai diqqətdən düşməməsi bu niyyətinəmi xidmət edir? Hakimiyyətə müxalifdir, yoxsa, onun dəstəkləyənlər sırasındadır?
İş adamı “Xural.TV”yə müsahibəsində bu suallara xeyli aydınlıq gətirib. O, Azərbaycandakı bzines mühitini tənqid edir, məmurların, nazirlərin inhisarçı ticarətinə qarşıdır, haqlı olaraq deyir ki, belə bir şəraitdə adi vətəndaşların biznesdə heç bir perspektivi ola bilməz. Təəssüf ki, ölkə iqtisadiyyatının əsas gəlirli sahələri məmur monopoliyasına məxsusdur, idxal-ixraca, istehsala bir qrup oliqarx nəzarət edir. Nəticədə məhsuldar qüvvələr ölkədən gedir, kapital qonşu ölkələrə, o cümlədən Gürcüstana və Türkiyəyə axır.
Bu vəziyytətdən təəssüfünü dilə gətirmək hər bir vətəndaşın, xüsusən, iş adamının borcudur. Ölkədə bir qrup müstəqil iqtsadçıdan, müxalif ekspertlərdən başqa bu reallığı dilə gətiriən yoxdur, ictimai təkpi yox dərəcəsindədir. Problemləri söyləmək siyasətlə məşğul olmaq demək deyil, ölkəsinin inkişafını istəyən vicdanlı, ləyaqətli vətəndaş təəssübünün ifadəsidir.
Mübariz Mənsimov müxalifətçi deyil, amma bir çox məmurlardan, iş adamlarından fərqli olaraq Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadəyə, Milli Azadlıq Hərəkatının mərhum lideri, eks-prezident Əbülfəz Elçibəyə rəğbətini gizlətmir, onların xatirəsini əbədləşdirib.
Onun mərhum prezident Heydər Əliyev haqqında dediklərinə qulaq asmaq kifayətdir ki, Azərbaycan siyasətində idealının hansı siyasi lider olduğunu müəyyənləşdirəsən.
Mənismov H.Əliyevi dünya miqyaslı siyasətçi, Azərbaycanın qurucusu, müstəqil dövlət kimi inkişafının memarı sayır.

Çox maraqlıdır, müxalif düşərgədən onun bu səmimi fikirlərinə qarşı tənqidlər eşidilmir, onu qınayan, təhqir edən yoxdur. Məntiqlə bir iş adamının dünya görüşü, siyasi idealları niyə qıcıq doğurmalıdır ki?!
Amma, özünü hakimiyyət tərəfdarı kimi göstərən, onu linc etməyə çalışan çoxluq Mübariz Mənsimovun siyasi lideri haqqında fikirlərini niyə görməzdən gəlir? Axı iş adamı mərhum Heydər Əliyevin də xaitrəsini əbədləşdirib, gəmilərindən biri onun adını daşıyır? İzaholunmaz paradoksdur…
M.Mənsimovun siyasi iddialarını iafdə edəcək hər hansı fikir və addımları ortada yoxdur. O, ölkəsinə, həmyerlilərinə yardım etməyi sevən, buna görə haqsız ittihamlara tuş gələn bir iş adamıdır. Hərçənd siyasətlə məşğul olmaq, iddialı olmaq qəbahət deyil,
Sonda gəlin, təsəvvür edək ki, Mübariz Mənsimov bu obrazı ilə yoxdur, nə xeyirxahlıq edir, nə də ictimai fəaliyyətlə məşğul olur. Təbii ki, nəticədə əsəb mühiti  yaradan bütün qalmaqallardan uzaq olardı, xərclədiyi pullar da cibində qalardı. O zaman Mənsimovu “yıxıb – sürüyən” qaraguruhun əlinə nə keçəcəkdi?
Təbii ki, heç nə…
Əlbəttə, itirən Azərbaycan cəmiyyəti olacaqdı, ən böyük itki isə əməlləri ilə cəmiyyətə, iş dünyasına örnək olan bir MÜBARİZ olacaqdı…

Pərviz Həşimli

Gununsesi.info