
Gununsesi.info millət vəkili Məlahət İbrahimqızının seçicilərinə müraciətini təqdim edir:
“Əziz Seçicilərim!
Bugün xalqımız tarixin ən çətin, ən şərəfli və məsuliyyətli bir dövrünü yaşamaqla, həm də dövrün sınaq imtahanından keçir. Xalqımızın şərəf, ləyaqət, qürur və varolma uğrunda Vətən müharibəsi olan bu imtahan eyni zamanda gələcək nəsillər qarşısında daşıdığımız “Ya Qarabağ ya Ölüm, başqa bir yol yox artıq” imtahanıdır.
Əslində Ali Baş Komandanımız möhtərəm cənab İlham Əliyevin adlandırdığı “haqq və ədalət uğrunda” mübarizəmiz Uca Allahın adı olan Haqqın və Ədalətin bərpası və müdafiəsidir.
Müqəddəs kitabımız olan Qurani-Kərimdə hər kəs Qiyamət günündə Uca Allahın sorğu-sual imtahanından keçdikdən sonra əbədi həyatını qazanacaq deyilir. Bu mənada xalqımızın qatıldığı bugünkü imtahan elə Allahın dediyi hesab gününə hazırlıqdır. Bu mənada əsrlərin süzgəcindən keçərək mənəvi dəyərimizə çevrilmiş müdriklərimizin “Vətəni sevmək imandandır” kəlamı verəcəyimiz imtahanın əsas tezislərindən olmalıdır. Məhz bu imtahanın nəticələri bizlərin vətənimizə, dövlətimizə, Müzəfər Ordumuza, xalqımızın qətiyyətli, cəsur, vətənpərvər oğlu, bütün varlığı ilə millətinə və ölkəsinə xidmət edən Ali Baş Komandanımıza, Şəhidlərimizin ruhuna və onların qanı tökülən müqəddəs torpağımıza, sağlam canını yarımcan etmiş Qazilərimizə olan sevgimizin, sayğımızın, borcumuzun və məsuliyyətimizin göstəricisi olacaqdır.
Bəli bu gün xalqımız imtahan verir… Ümumxalq və ümummilli imtahan isə həm ön cəbhədə, həm də arxa cəbhədə gedir. Ali Baş Komandanımızın rəhbərliyilə Milli Ordumuzun hər bir əsgəri və zabiti ön cəbhədə, döyüş meydanlarında öz şücaətləri ilə tariximizin qəhrəmanlıq səhifələrini yazırlar.
Arxa cəbhənin əsgərləri olan bizlər də bu imtahanı yüksək səviyyədə, əla qiymətlə verməyə borcluyuq və günümüzün hər bir anını qəhrəman Milli Ordumuz və bütün təzyiqlərə sinə gərən Ali Baş Komandanımızın gərgin və fədakar fəaliyyətinə uyğunlaşdırmalıyıq. Yuxumuz əsgər yuxusu, yediyimiz əsgər yeməyi, yatağımız əsgər yatağı, evimiz kazarma, işimiz səngər həyatı, “istirahətimiz” əsgər istirahəti kimi olmalıdır. Əsgər və Şəhid Anasının həyacanları və təlaşları ürək döyüntülərimiz, qüruru qürurumuz olmaqla, hər an onların yanında olmalıyıq. Bugün biz cəbhə bölgəsi rayonlarında, eləcə də Gəncə və Mingəşevirdə erməni faşistlərinin terrorunun qurbanları olmuş insanların, xüsusən də terror qurbanı olmuş məsum körpələrin acısını öz acımız kimi yaşamalı və onu hiss etməliyik.
“Hər şey Vətənimiz üçün, Hər şey Ordumuz üçün, hər şey Zəfərimiz üçün” düşüncəsi ilə Ali Baş Komandanımız və Milli Ordumuzun ətrafında birliyimiz və həmrəyliyimizlə “Qarabağ Azərbaycandır” həqiqətini gerçəkləşdirməklə bəşəriyyətə bir daha bəyan etməliyik.
Hər birinizə və hər birimizə bu müqəddəs amal olan “Qarabağ Azərbaycandır” imtahanından alnı açıq və üzü ağ çıxmaq diləyirəm….
İnşaallah, inanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə Milli Ordumuz erməni faşizmi və onu dəstəkləyən bütün qüvvələr üzərində ən yaxın zamanlarda Zəfər çalacaqdır.
#StopArmenianAggression #StopArmenianOccupation #KarabakhisAzerbaijan #DontBelieveArmenia”
Məlahət İbrahimqızı
Milli Məclisin deputatı