
“Azərbaycanda ədliyyə nazirinin Məhkəmə Hüquq Şurasının sədrliyindən kənarlaşdırılması və Ali Məhkəmə sədrinin bu posta təyinat alması Məhkəmə hakimiyyətinin müstəqilliyi üçün mühüm qərardır”.
Bunu Gununsesi.info-ya müsahibəsində Ali Məhkəmə sədri İnam Kərimovun Məhkəmə-Hüquq Şurasının sədri seçilməsini şərh edən Vəkillər Kollegiyasının üzvü , Hüquq İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov deyib.
Hüquqşünasın sözlərinə görə, bir neçə ildir ki, Avropa Şurası və dünyanın digər nüfuzlu insan haqları təşkilatları Azərbaycan hökumətinə məhkəmələrin müstəqilliyini bu barədə tövsiyə vermişdi.
“Nəhayət, məsələ həllini tapdı. Amma hesab edirəm ki, bu da Məhkəmə-Hüquq Şurasının tam müstəqilliyi anlamına gəlməməlidir. Məhkəmə-Hüquq Şurasının müstəqilliyinin təmin olunması ilə bağlı fikirlər əvvəllər də səsləndirilib”.
Bununla belə Hafiz Həsənov deyir ki, ancaq bu qurumun müstəqilliyi reallığa çevirilməyib:
“Hesab edirəm ki, bunun üçün ilk növbədə “Məhkəmə və hüquq şurası haqqında” qanunda bununla bağlı dəyişikliklər edilməlidir. Bu qanunun 6.2. -ci maddəsinə görə, Məhkəmə-Hüquq Şurasının tərkibi əsasən hakimlərdən, habelə icra, qanunvericilik, prokurorluq orqanları və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndələrindən ibarət təşkil olunur”.
Vəkil deyir ki, Məhkəmə-Hüquq Şurasının bu cür təşkili onu və ümumilikdə məhkəmə hakimiyyətini digər hakimiyyət qollarından, xüsusilə də icra hakimiyyətindən asılı edir: “Əgər Məhkəmə-Hüquq Şurası məhkəmə hakimiyyətinin özünüidarəetmə funksiyasını həyata keçirirsə, bu özünüidarəetmədə mərkəzi icra hakimiyyətininin bir neçə, prokurorluğun, qanunverici orqanın nümayəndələrinin bu qurumun tərkibində iştirakı hüquqa və məntiqə uyğun deyildir. Bu baxımdan hesab edirəm ki, Məhkəmə-Hüquq Şurasının tərkibi tamamilə hakimlərdən formalaşdırılmalıdır və onların namizədlikləri hər üç məhkəmə instansiyası üzrə hakim assosiasiyaları tərəfindən irəli sürülməlidir. Hesab edirəm ki, Məhkəmə-Hüquq Şurasının tərkibinin bu cür formalaşdırılması Məhkəmə-Hüquq Şurasının və ümumilikdə məhkəmələrin müstəqilliyinin təmin olunmasına müsbət təsir göstərər. Eyni zamanda qeyd edirəm ki, məhkəmələrin müstəqilliyinin təmin edilməsi üçün daha geniş tədbirlərin reallaşdırılması zəruridir”.
Afət Abbasova
Gununsesi.info