
Yazmaq istəmirdim. Açığı, söz də bezdirir get-gedə. Saytların birində akademik Lütfü Zadənin xanımının vəfatı barədə oxudum. Beynimdən bir fikir keçdi – kim bilir, yad və qərib ölkədə yaşayan bir soydaşım bəlkə də təsəlliyə möhtacdır? Düşündüm ki, kaş ki Lütfü Zadə Azərbaycanda yaşayaydı. Alimin nəzəriyyələri barədə fikirləşdim və sosial şəbəkədə bir status yazdım. Statusa yazılan şərhlər və Elçin Şıxlinskinin təklifi ilə ovqatımı, ovqatımızı, acımı və acımızı köşə şəklinə salmağa çalışdım. Bir qədər emosional, sərt alındı. Redaktə etmək istəmədim. Hətta jarqonları da saxladım. Bunu ömrünün 25 ilini jurnalistikada keçirən bir jurnalistin köşəsi deyil, bir fəryadı kimi də qəbul edə bilərsiniz.
Lütfi Zadə Bakıda yaşasaydı, yəqin ki, 6 mühüm nəzəriyyəsinin heç birini yaza bilməyəcəkdi. Hansısa gerizəkalının əlinin altında işləyəcəkdi. Təsəvvür edin ki, qeyri-səlis məntiq nəzəriyyəsini və ya qeyri-səlis çoxluq nəzəriyyəsini elmi rəhbərinə göstərəcəkdi və rəhbəri ona: «Ə, donquli, bu nədir yazmisan, ə bə? Get, ciddi şey yaz, məsələn kvadrat tənliyi həll et», — deyəcəkdi. Nə qədər lütfü zadələr müxtəlif sahələrdə məhv olub gedir. Elmdə, istehsalat sahəsində, jurnalistikada…
Gənc, istedadlı jurnalist redaktoruna qeyri-səlis çoxluğa bənzər bir yazı verir və redaktoru ona: «Ə, bu nədir ey gətirmisən? Get, yaz ki, filankəs filankəsi söydü, belə axmaq yazıları gətirsən, səni işdən qovajam». Gənc (və ya yaşlı) jurnalist pula ehtiyacı olduğu üçün gedir və Rəqsanənin alt paltarının rəngindən və ya Fərdanın sayıqlamalarından yazır. İllər keçir və o gənc jurnalist baş redaktor olur və istedadlara divan tutur. Allah Freydə rəhmət eləsin, düşüncə və beyin zədələnməsi natamamlıq kompleksi yaradır və insanın içindəki canavarı üzə çıxardır.
90-cı illərin jurnalistikasının ən sanballı nümayəndələri işsiz qalanda, unudulanda, gecələr yorğanı başına çəkib, balaları görməsin deyə, gizlincə hönkürəndə istedadsız redaktor və onlara bənzəyənlər hansısa barda qızin alt paltarına dollar soxuşdurur. Sözün əsl mənasında jurnalist olan istedad sahibi: «Bu gün də uşaqlarımın başını aldatdım, istədiyini verə bilmədim», — deyib, içini dağlayanda istedadsızlar saunalarda fahişələri şampanski yağışına qonaq edir. Borcu borca calayan istedad sahibi hər dəfə kimdənsə ərzaq almaq üçün borc istəyəndə neçə dəfə ölür, neçə dəfə dirilir? Fərqindəsinizmi? Bu hissi ancaq yaşayanlar anlaya bilər. Yaxşı ki, Lütfü Zadə Bakıda yaşamadı. Yoxsa indi boynunu büküb, bir küncdə dayanacaqdı, ya da gecələr yorğanı başına çəkib, səhərə qədər hönkürəcəkdi.